Qan xərçənginin əsas yaranma səbəbləri NƏDİR? - HƏKİM FAKTLARI AÇIQLADI

16 Oktyabr 2024 16:44 (UTC+04:00)

"Qan xərçənginin yaranma səbəbləri çoxdur. Amma konkret nədən yarandığını demək olmaz". Bu sözləri SİA-ya açıqlamasında Hematologiya və Transfuziologiya mərkəzinin pediatrik bölməsinin rəhbəri, Tibb Elmləri Doktoru, professor, Həkim-hematoloq Mireldar Babayev deyib.

O bildirib ki, ekologiyanın, radiasiyanın, radiasiyaya məruz qalmış yerlərin bu xəstəliyi yaratma riski yüksəkdir: "Genetik meyilliliyin, stressin də rolu var. Bəzi viruslar var ki, bu xəstəliyin yaranmasında böyük rolu olur. Konkret olaraq "bu xəstəlik hansı səbəbdən yaranır?" sözünü demək qeyri-mümkündür.

Qohumluq əlaqələrinin rolu yoxdur. Çünki qan xərçəngi irsi ötürülən xəstəlik deyil. Amma irsiyyətin rolu dolayısı ilə var. Genlə ötürülmə yoxdur, genefonun zəif olması, xromosom aparatının zəif olması, daxili və xarici faktorların təsirindən tez mutasiyaya uğraması riski var. Belə insanlarda, əlbəttə, digərləri ilə müqayisədə xəstəliyin rast gəlinmə faizi daha yüksək olur. Elə olur ki, uşaq xəstədir, atasında da beyin şişi olub, babasında da mədə şişi olub. Belə tanıdığım insanlar var. Görünür ki, burada xromosom aparatının zəif olması və hansısa faktorun təsiri ilə mutasiyaya uğraması xəstəliyin yaranmasına səbəb olur.

Ümumiyyətlə, bütün insanlarda şiş xəstəliyi yarana bilir. Şiş geni üzərində möhkəm nəzarət də var. Həmin nəzarətin zəifləməsı baş verdiyi halda genin oyanması və xəstəliyin yaranması baş verir. Qan xərçənginin müalicəsi var. Qan xərçəngindən sağalma şansı yüksəkdir. Əvvəlki 50-100 ildə bu xəstəlik sağalan xəstəlik sayılmırdı. Azərbaycanda da hər zaman xəstənin yaxın vaxtlarda həyatdan gedəsi olduğu düşünülürdü. Amma keçən əsrin 60-cı illərindən tibdə yaranan yeniliklər bu xəstələrin sağalmasına yol açdı. Artıq 20 ilə yaxındır ki, biz Moskvada uzun illər təhsil alıb, sonra gəlib bu xəstəliyin Azərbaycanda sağalmasının mümkün olduğunu deyib aldığımız təhsilin əsasında bunu təsdiqlədik. Xüsusilə, xəstə uşaqların sağalma faizi bu gün Azərbaycanda çox yüksəkdir".

"Qan xəstəlikləri çox böyük məfhumdur. Buraya təkcə qan xərçəngi deyil, irsi qan xəstəlikləri, polisimiya, hemofiliya, qan yaranmanın pozulması, qan laxtalanmasının pozulması, sümük iliyinin yetərsizliyi və sair aiddir. Bunların hər biri haqqında danışanda onları yaradan səbəbi demək olar" - deyə həkim əlavə edib.