Əli Kərimli məhkəmə qarşısına çıxarılmasından niyə qorxur? ANALİZ

16 Oktyabr 2024 16:13 (UTC+04:00)

Cəbhəçilərin "Yurd" şefinə qarşı xüsusi ittiham qaydasında iddia qaldırması AXCP-nin sonunu gətirə bilər

Dağıdıcı müxaliflər yazdıqları statuslarında, paylaşdıqları videolarında o fikri vurğulayırlar ki, hər bir problem, ziddiyyətlər hüquqi müstəvidə həll edilməlidir. Zatən hüquqi dövlət quruculuğu ilə inamla irəliləyən Azərbaycanda hər bir vətəndaş üzləşdiyi problemin və ya razılaşmadığı qərar və hərəkətlərlə bağlı məhkəməyə müraciət edir. Hələ bu günə qədər hansısa ölkə vətəndaşı, siyasi, ictimai təşkilat rəhbəri qaldırmaq istədiyi məhkəmə iddiasına rədd edilməsi faktı ilə rastlaşmayıb. Deməli, Azərbaycanda məhkəmə sistemi azaddır və müstəqil fəaliyyət göstərir. Kimsə, xüsusilə dağıdıcı müxaliflər və xaricdəki antimilli ünsürlər məhkəmlərimizlə bağlı boşboğazlıq edirlərsə və hüquq-mühafizə orqanları haqqında qarayaxma kampaniyası aparırlarsa, bu, onların sifariş almalarından, tapşırıq yerinə yetirmələrindən irəli gəlir. Qeyd etdiklərimə əyani misal, AXC sədri Əli Kərimli və onun ətrafında olan troll dəstəsi daim məhkəmə -hüquq sisteminə qarşı şər və böhtanlar səsləndirirlər. Ə.Kərimli vaxtaşırı olaraq ziddiyyət yaradan məsələlərə məhkəmələrdə baxılmadığını, baxılarkən səthi yanaşıldığını bildirir. Lakin cəbhəçilərdən bir onunla bağlı məhkəməyə şikayət edərkən küçə revanşistlərisayağı hay-küy qaldırır, xaricdəki ağalarına "donos"lar ünvanlayır. Nə baş verir, niyə növbəti dəfə Ə.Kərimli AXCP-nin çoxluğu tərəfindən ittiham edilir, məhkəməyə çəkilir? Birinci səbəb ondan ibarətdir ki, Ə.Kərimli AXCP-də diktatura idarəetmə üsülu qurub. İkincisi, kimi istəsə partiyadan xaric edir, kimi də yuxarı başda görmək istəsə kollegial orqanların fikrini nəzərə almadan vəzifələrə təyin edir. Üçüncüsü isə, partiyanın qurultayını nizamnamə pozuntusuna və "Siyasi partiyalar haqqında qanunun" tələblərini pozmaqla keçirib. Dördüncüsü isə, məhkəmənin qərarı ilə partiyaya bərpa edilməli olan AXCP MNTK-nın sədri Aydın Əliyevin hüquqlarını kobud şəkildə pozur. Aydın Əliyev Ə.Kərimli tərəfindən hüquqlarının tapdanması və şəxsiyyətinin təhqir edilməsi ilə barışmayaraq yenidən onu məhkəməyə verib.

Aydın Əliyev Əli Kərimlinin həbs edilməsində israrlıdır

E-mehkeme.gov.az poratlında yayılan məlumata görə, AXCP-nin Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. İddiaçı Əli Kərimli barəsində Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə cinayət işi başlanmasını istəyir. Cinayət işinin sanksiyasına görə, ittiham edilən şəxs yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məlum olduğu kimi, AXCP NTK-nın sədri olmuş Aydın Əliyevin Ə.Kərimlinin tələbinə əsasən, partiya sıralarından xaric edilib. A.Əliyev AXCP sıralarından xaric edilməsini partiya nizamnaməsinin tələblərinə və Azərbaycan qanunvericiliyinə zidd olduğunu əsas gətirərək hüquqlarının bərpası iddiası ilə Nəsimi rayon məhkəməsinə müraciət edib. Bu barədə, "Səs" qəzetinə açıqlamasında A.Əliyev bildirdi ki, Nəsimi rayon məhkəməsinin hakimi Rəşid Səmədovun sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub: " AXCP sədri Əli Kərimli partiyada sərt diktatura rejimi qurub. Onun antidemokratik hərəkətlərinə etiraz edənləri müxtəlif üsullardan istifadə etməklə partiyadan uzaqlaşdırır. Əli Kərimli qatı diktatordu. O cəbhəçiləri aldadır, xalqımıza və dövlətimizə qarşı xəyanət edir". Ə.Kərimli Məhkəmə qərarına əsasən A.Əliyevi partiyaya bərpa etməkdən imtina etməklə yanaşı AXCP-nin iyunun 24 - də keçirilən 7-ci qurultayında kobud saxtakarlığa yol verib. Bu da bir çoxları kimi partiyanın MNTK sədri olmuş A.Əliyevin ciddi narazılığına səbəb olub. A.Əliyev məsələnin hüquqi müstəvidə həllinə nail olmaq üçün yenidən Nəsimi rayon məhkəməsində Ə.Kərimliyə qarşı iddia qaldırıb. Onun bu dəfə ki, iddiasının əvvəlkilərdən fərqi ondadır ki, hazır ki məhkəmədə Ə.Kərimliyə qarşı xüsusi ittiham qaydasında iddia irəli sürüb və məhkəmədən onun həbs olunaraq cəzalandırılmasını istəyib. Təbii ki, biz hüquqi dövlətdə yaşayırıq və məhkəmə Ə.Kərimliyə qarşı irəli sürülən iddiaları, sübut və dəlilləri araşdırdıqdan sonra müvafiq qərar qəbul ediləcək. Hələlik isə ortada olan fakt ondan ibarətdir ki, hazırda Nəsimi rayon məhkəməsində proses keçilir. Məhkəmə qərarını qəbul edənə qədər Ədliyyə Nazirliyi AXCP-nin 24 iyun tarixli 7-ci qurultayının nəticələrinin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmasından imtina edib. Nazirliyin imtina qərarı AXCP üzvlərindən birinin qurultay nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən mümkün hesab edilməsi və həmin qərardadın Ədliyyə Nazirliyinə daxil olması ilə əsaslandırılıb. Söz yox ki, qanun aliliyi qorunacaq və saxtakarlıq edən Ə.Kərimli cəzalanacaq. Daha doğrusu, sədr seçkisindən narazı qalan partiyanın qurultayının nümayəndələrinin iddiaları Nəsimi Rayon Məhkəməsi tərəfindən təmin olunacaq. Bundan sonra ya AXCP növbəti qurultay keçirməli, ya da Ə.Kərimli sədrlikdən könüllü şəkildə istefa verməlidir. Əks halda qurultayın nəticələri Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmayacaq. Bu isə AXCP adlı qondarma qurumun tarixin arxivinə atılması deməkdir.

Əli Kərimlinin məhkəmə önündə mitinq təşkil etməsi qanunazidd hərəkətdir

Diqqətçəkən məqam ondan ibarətdir ki, Ə.Kərimli məhkəməyə verilməsini sakit qarşılayıb, prosesin sonunu gözləməkdənsə, ənənəsinə uyğun olaraq başının dəstəsi ilə məhkəmə önünə gedib hay-küyçü açıqlamalarla, çağırışlarla çıxış edir. Hətta azad, demokratik mühitin verdiyi imkanlardan sui-istifadə edərək mitinq təşkil edib, dövlətə, məhkəmə sisteminə qarşı ittihamlar irəli sürür. Ətrafında fırlanan məddahları və trolları da onunla ağız-ağıza verib, şər və böhtanlar səsləndirirlər. Bütün bunlar isə təbii ki, qanunvericiliyə ziddir. Birincisi, qanunun aliliyinə hörmət edilməli və məsələnin necə bitəcəyini gözləməlidir. İkincisi, hay-küy, şər və böhtanlar məhkəməyə təzyiq elementi hesab olunur ki, bu da qanunvericiliyə görə yolverilməzdir. Üçüncüsü isə, məhkəmənin önü aksiya keçirmək və şivən qoparmaq yeri deyil, bunu da hüquqşünas adına iddia edən Ə.Kərimli bilməmiş deyil. Nəhayət, hay-küy, ittihamlar qorxaqlığın və qanunlar qarşısında zəifliyin əlamətidir.

İLHAM ƏLİYEV