"Gürcüstanı çox gərgin seçki prosesi gözləyir" - MÜNASİBƏT BİLDİRİLDİ

16 Oktyabr 2024 15:51 (UTC+04:00)

"Oktyabr ayının sonunda Gürcüstanda çox mühüm seçkilər keçiriləcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, geopolitik nöqteyi-nəzərdən də seçkilərin nəticələri böyük maraq doğurur: "Eyni zamanda Qərbin Gürcüstanla bağlı həyata keçirdiyi məkrli siyasət artıq indidən hiss olunmaqdadır. Gürcüstanın müstəqil dövlət kimi fəaliyyətini qəbul etməyən qüvvələr hərəkətə keçib.

Gürcüstanın xarici agentlər haqqında və LGBT ideyalarının təbliğinin qarşısını alan qanunların qəbul olunması Qərb tərəfindən böyük qəzəblə qarşılanıb. Bütün bunlar Qərbin Gürcüstan ərazisinə müdaxiləsini məhdudlaşdırır, onun qarşısını alır. Aydındır ki, seçkilərlə Gürcüstanı cəzalandırmaq məqsədləri formalaşmaqdadır. Bizim üçün də Gürcüstanda baş verən proseslər kifayət qədər önəmlidir.

"Xarici agentlər haqqında" qanunun qəbul olunmasından sonra bütün diqqətlər Gürcüstana yönəlib. Müstəqil siyasət yürüdən, ölkənin milli maraq və mənafelərini üstün tutan dövlətlər Qərbin qəzəbinə tuş gəlir. Biz bundan öncə Serbiya, Slovakiya, Macarıstanda da oxşar hadisələrin şahidi olmuşuq. Hazırda isə Cənubi Qafqazda gedən proseslər fonunda Gürcüstan diqqət mərkəzinə düşüb. Əhalinin manipulyasiya edilməsi, baş verən proseslərlə bağlı müxtəlif təsir imkanlarının ifadə olunması, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, media resursları səfərbər olunub. Zənnimcə, Gürcüstanı çox gərgin seçki prosesi gözləyir. Çünki müxtəlif siyasi texnoloqlar, ictimaiyyətlə əlaqələr sahəsində işləmiş şəxslər artıq bu işə cəlb olunub. Şübhəsiz ki, bunun seçki ərəfəsində istifadə edilməsi seçkilərə də mütləq öz təsirini göstərəcək”.