Bakıda güclü qəza oldu: İki avtomobil yararsız hala düşdü - FOTOLAR-YENİLƏNİB-VİDEO

16 Oktyabr 2024 16:03 (UTC+04:00)

Bu gün günorta saatlarında Bakıda Üzeyir Hacıbəyov küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib. SƏS TV-nin hadisə yerində olan əməkdaşı xəbər verib ki, hadisə nəticəsində iki avtomobil toqquşub və xəsarət alanlar olub. Toqquşmadan sonra avtomobillərdən biri yolun kənarındakı baryerə çırpılıb, digəri isə yoldan çıxaraq əks tərəfə çevrilib. Qəza zamanı hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb.

Hadisə şahidi Rafiq Mustafayev SƏS TV-nin əməkdaşına bunları deyib: "İş yerində idim və birdən güclü səs eşitdim. Rəşid Behbudov küçəsi ilə hərəkət edən maşın svetoforun yaşıl işıqı yanmamış qırmızıda keçdi. O biri maşın da sürətli gəlirdi. Həmin vaxtda aralarında toqquşma yaşandı".

“Çanqan” markalı avtomolin sürücüsü Tərlan Şirinov: "Qarşıdan gələn maşınla toqquşdum. Mən yaşıl işıqda gedirdim. Bir də gördüm maşın yolumdadır, əyləci basa bilmədim. Öz sürətimlə gəlirdim. Yəqin ki, günah qarşı tərəfdə oldu. Məsələni araşdırarlar. Bir az döş qəfəsim ağrıyır".

“Renault” markalı avtomobilin sürücüsü Şahlar Həsənov: "Öz yolumda yaşıl işıqla hərəkət etmişəm. Dostumla idim. Maşını normal sürətlə sürürdüm".

Qeyd edək ki, daha sonra hadisə yerinə polis əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

https://youtu.be/IonpHu5R110?si=mo5HsCtFZhZU_X9n