Aşqabadda energetika sahəsində beynəlxalq ekspertlərin görüşü keçirilir

16 Oktyabr 2024 14:34 (UTC+04:00)

Oktyabrın 16-da Aşqabadda BMT-nin Avropa İqtisadi Komissiyası və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) himayəsi altında enerji əlaqələrinin təkmilləşdirilməsi üzrə beynəlxalq ekspertlərin görüşü işə başlayıb. SİA Türkmənistan mediasına istinadla xəbər verir ki, hibrid formatda keçirilən görüşdə mütəxəssislər əsas diqqəti sərfəli, etibarlı, dayanıqlı və müasir enerji resurslarını təmin edən BMT-nin Dayanıqlı İnkişaf Məqsədinə (SDG) nail olmaq üçün sabit və səmərəli enerji əməkdaşlığı məsələlərinə yönəldiblər.

Türkmənistan hökumətinin təşkil etdiyi tədbir BMT Baş Assambleyasının davamlı inkişafa nail olunmasında enerji əlaqələrinin əsas rolunu vurğulayan 78/149 saylı qətnaməsi əsasında keçirilir. Plenar iclasdan sonra “Regional inteqrasiya və əməkdaşlıq: ESCAP-ın regional enerji əlaqələri üzrə yol xəritəsinin nəticələri” tematik sessiyasında regional enerji əməkdaşlığı təşəbbüsləri, ən yaxşı təcrübələr və çağırışlar üzrə interaktiv panel müzakirələri aparılır.

Paralel seminarlar transsərhəd infrastrukturun inkişafı, tənzimləyici çərçivələr və təmiz enerji inteqrasiyası kimi mövzuları əhatə edəcək. Həmçinin BMT-nin Terrorla Mübarizə İdarəsinin oktyabrın 17-nə planlaşdırılan xüsusi tədbiri – “Kritik enerji infrastrukturunun mühafizəsi üzrə Texniki Rəhbər”in təqdimatı da olacaq.

Panel müzakirəsi enerji sahəsində qarşılıqlı fəaliyyət üçün investisiya və maliyyə problemləri mövzusuna həsr olunub. Ekspertlər innovativ maliyyələşdirmə mexanizmlərinin öyrənilməsinə və özəl sektorda investisiyalarının cəlb edilməsinə diqqət yetiriblər.