Qərb Cənubi Qafqaza Tiflisdən “girişir”?

16 Oktyabr 2024 13:48 (UTC+04:00)

Hazırkı ABŞ Prezidenti Co Baydenin özəl “əsəri” sayılan Ukrayna münaqişəsində istədiyini ala bilməyən Qərb dairələri indi bütün diqqətləri Gürcüstanda keçiriləcək parlament seçkilərinə yönəldiblər. Əsasən Rusiyanın regiondan silinib atılması üzərində qurulan qanlı ssenarilər minlərlə günahsız insanın ölümünə, yüz minlərlə, hətta milyonlarla insanın öz yurd-yuvasından didərgin düşən səfil həyat yaşamasına səbəb olub. “Demokratiya” bağıranların dünyadakı nüfuz və mövqe dəyişikliyi üçün ta “ərəb baharı”ndan başlayan xaos və iğtişaş planları bu gün də öz qüvvəsində qalır. Hətta daha amansızcasına davam edir bu planlar. Səddam Hüseyni dar ağacından asandan sonra minlərlə iraqlını Amerika əsgərlərinin itlərinə yedirənlərin utanmadan “demokratiya”, “insan hüquqları” deyib bağırmaları qədər həyasız tabloya heç yerdə rast gəlinmir.

“Gürcüstandakı parlament seçkilərinə müdaxilə Cənubu Qafqazda idarəolunmaz xaos yaradacaq”

Bu gün Ukraynada açıq şəkildə mövqe döyüşü aparan, bu ölkənin Rusiyaya qarşı Qərb üçün əsas cəbhə xəttinə çevrilməsi üçün milyard dollarlar və silah-sursat xərcləyən ABŞ administrasiyası, bu işə Cənubi Qafqazı da əlavə etməyi planlaşdırır. Baxın, son bir neçə gündə Gürcüstan əleyhinə qəbul edilən qərarlar da hazırkı hakimiyyətin bir sıra arzuolunmaz Qərb institutlarının fəaliyyətini məhdudlaşdırmasından sonra baş verdi. Hazırkı “Gürcü Arzusu” iqtidarı bir neçə il əvvələ qədər Qərb strukturlarına hədsiz meyillənsə də, son nəticədə bu prosesin Gürcüstanın daxili işlərinə müdaxiləyə və arzuolunmaz nəticələrə yol açdığının fərqində oldu. Üstəlik, hazırkı iqtidarın “şefi” sayılan Bidzina İvanaşvilinin Rusiya Prezidenti Vladimir Putinlə sıx əməkdaşlığa və Rusiyadakı biznes dairələri ilə ticarət əlaqələrinə sahib olması Qərbi qıcıqlandıran məsələdir. Onlar Moskva ilə bütün əlaqələrini birdəfəlik kəsmiş Gürcüstan istəyirlər. Həm də Ermənistanda “verbovka” etdikləri, amma bu gün bir ayağını Kremldən də kəsməyən Nikol Paşinyandan fərqli olaraq V.Putinə Allahın salamını da verməyən fiqur axtarırlar Gürcüstan üçün.

Gürcüstanla Qərb arasındakı “soyuq müharibə” hələ may ayından başlayıb. Xatırlayırsınızsa, may ayında Gürcüstan parlamenti Xarici Agentlər Qanunu kimi tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanunu təsdiqləyib. Sənədə baxılması kütləvi etirazlarla müşayiət olunub. Parlament seçkiləri ərəfəsində müxalifət koalisiyasına rəhbərlik edən prezident Salome Zurabişvili Konstitusiya Məhkəməsi vasitəsilə qanunun qüvvəsini dayandırmağa cəhd etsə də, məhkəmə bundan imtina edib. Avropa İttifaqı isə buna dərhal reaksiya verib və ilkin olaraq Gürcüstanla vizasız rejimi dayandırıb. Amma Qərbin təzyiqləri bununla bitmədi. Gürcüstana köhnə dostlarından – Qərb ölkələrindən zərbə zərbə dalınca gəlir. Böyük Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində illik dialoqu və müdafiə sahəsi ilə bağlı digər danışıqları dondurub. Bunu Britaniyanın Gürcüstandakı səfiri Garet Uord müsahibəsində deyib. Səfir bildirib ki, bunun səbəbi Tbilisinin “demokratiya” yolundan geri addım atmasıdır. Yəni London artıq bunu rəsmi şəkildə dilə gətirib. Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi da xarici agentlər haqqında qanununun qəbulundan sonra dayandırılıb. Budur, açıq görünür ki, Qərb dairələri üçün Gürcüstanla münasibətlər dedikdə ilk əvvəl öz istəklərini bu ölkəyə yeritmək başa düşülür.
Amma belə görünür ki, Qərb dairələri Cənubi Qafqazda yeni və qanlı xaos planını işə salmaqda israrlıdırlar. Xüsusilə, Rusiyasız Cənubi Qafqaz siyasəti bölgəni daha acınacaqlı xaosa sürükləyəcək. Belə görünür ki, Qərb Rusiya ilə apardığı nüfuz müharibəsinə Cənubi Qafqazı da sürükləyir.

Mətləb Salahov