Qasırğadan sonra 92 nəfər hələ də itkin düşüb

16 Oktyabr 2024 12:28 (UTC+04:00)

ABŞ-də 230-dan çox insanın həyatını itirdiyi "Helene" qasırğasının vurduğu Şimali Karolina ştatında 92 nəfərdən hələ də xəbər alınmayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Karolina qubernatoru Roy Kuper təxminən 3 həftə əvvəl ştatı təsir altına alan "Helene" qasırğası ilə bağlı mətbuat konfransında açıqlama verib.

Kuper bildirib ki, yerli hakimiyyət orqanları və Milli Qvardiya axtarış-xilasetmə işlərini davam etdirir. Qasırğanın vurduğu əyalətdə hələ də 92 nəfərin itkin olduğunu bildirən Kuper bu rəqəmin önümüzdəki günlərdə arta biləcəyini qiymətləndirib. Şimali Karolina ştatında "Helene" qasırğası səbəbindən 100-dən çox insanın öldüyü təxmin edilir.

ABŞ Milli Qasırğa Mərkəzi sentyabrın 26-da "Helene" qasırğasının təxminən 225 kilometr sürətlə Floridanın şimal-qərb sahillərini vurduğunu açıqlayıb. Qasırğa tez bir zamanda Corciya, Virciniya, Cənubi Karolina, Şimali Karolina və Tennessi ştatlarına təsir edib. Qasırğanın ilk vurduğu Floridada 1,2 milyondan çox, Corciyada 1 milyon, Cənubi Karolinada 1,3 milyon və Şimali Karolinada 600 min ev və iş yerində elektrik enerjisi kəsilib.

ABŞ prezidenti Co Bayden Florida və Şimali Karolinada "fövqəladə vəziyyət" elan edib və qasırğadan mənfi təsirlənənlərə "federal yardım" əmri verib. "Helene" qasırğasının yaratdığı fəlakətlərdə 230-dan çox insan həyatını itirib.