“Hər hansı bir məhsəbin üstünlüyü kontekstində dini təhsil aparılmır” - Gündüz İsmayılov

16 Oktyabr 2024 11:55 (UTC+04:00)

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üçün vicdan azadlığının təmin edilməsi ilə yanaşı dini maarifləndirmə işinin aparılması, dini radikalizm və məhsəbçiliklə mübarizə, eyni zamanda dini təhsil sahəsinin inkişafı prioritet məsələlərdən biridir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O bildirib ki, Azərbaycanın din sahəsindəki təcrübəsi, dinə yanaşması və dövlətin bu məsələdəki siyasəti bizim dini təhsillə bağlı qarşımıza qoyulmuş məqsədlərə çatmaq üçün stimul verir: “Bizim dini təhsil modelimizin üstünlükləri mövcuddur. Belə ki, Azərbayanda hər hansı bir məhsəbin üstünlüyü kontekstində dini təhsil aparılmır. Eyni zamanda ölkəmizdə dini təhsilin bütün pillələri ödənişsizdir, qız və oğlan tələbələr eyni auditoriyada təhsil alır. Təsadüfi deyil ki, Azərbaycanda hər iki məhsəbin nümayəndələri yaşayırlar və eyni məsciddə ibadət edirlər. Bu bizim üçün mənəvi baza, sərvətdir. Azərbaycan dini təhsili bu sərvətin qorunmasına, inkişaf etdirilməsinə, eyni zamanda beynəlxalq aləmdə təbliğ olunmasına yönəlib”.