16 Oktyabr Dünya Anesteziya Günüdür

16 Oktyabr 2024 11:34 (UTC+04:00)

16 oktyabr Dünya Anesteziya Günü – pasiyentlərə ağrısız müalicə almağa kömək edən anestezioloqların peşə bayramıdır. SİA xəbər verir ki, hər bir cərrahi əməliyyatın uğurlu nəticəsi məhz anestezioloqun peşəkarlığından asılıdır. Anesteziya ilk dəfə XIX əsrdə tətbiq edilmişdir. Anestezioloqlar ən çətin və təhlükəli vəziyyətdə olan xəstələri həyata qaytaran, ağrıdan qoruyan və xilas edən həkimlərdir. Bu peşəkar mütəxəssislərin nəzarəti altında ən mürəkkəb cərrahi əməliyyatlar belə narahatlıq və qorxu olmadan təhlükəsiz və rahat şəkildə həyata keçirilir.

Mərkəzi Gömrük Hospitalının anestezioloqları ümumi və regional anesteziyadan istifadə edirlər. Əməliyyatın uğurunun yarısı anestezioloqun işindən asılıdır. Onlar anesteziya verməklə yanaşı, həm də əməliyyat zamanı xəstələrin bədəninin bütün parametrlərinə ciddi nəzarət edirlər. Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və Reanimasiya şöbəsində ən mürəkkəb əməliyyatların icrası məqsədilə anesteziya dünya standartları səviyyəsində təşkil olunub.

Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və Reanimasiya şöbəsinin təcrübəli həkimləri: şöbə rəisi, anestezioloq-reanimatoloq Dr.Tural Sadıqov, anestezioloq-reanimatoloqlar: Dr.Mehdi Əliyev, Dr.Rəşad Nəsirli, Dr. Könül Həsənova, Dr.Şahin Mazanov, Dr.Xəyal Məmmədov və Dr.Sevda Quliyevanı Dünya Anesteziya Günü münasibətilə təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!