“Sinif otaqlarında dini təhsil adı altında danışılanlardan dövlətin xəbəri olmalıdır” - NAZİR

16 Oktyabr 2024 10:46 (UTC+04:00)

“Valideynlər daim övladlarına dini təhsil səviyyəsi barədə nəzarət etməlidir. Sinif otaqlarında dini təhsil adı altında danışılanlardan dövlətin xəbəri olmalıdır. Hər gün təxminən 70 minə yaxın sinif otağında dərs tədris olunur və biz hər bir sinif otağında nədən danışıldığını bilmirik. Burada isə ictimai nəzarət mühüm rola sahibdir, bizə məlumat verilməlidir. Xatırladım ki, məktəb yalnız dövlət standartlarına uyğun olaraq dərs tədris etməlidir, ayrı-ayrı şəxslərin fikirləri əsasında deyil”. SİA xəbər verir ki, bu sözləri “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” Respublika elmi-praktik konfransında çıxışı zamanı Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bütün sahələrdə olduğu kimi, dini sahədə də kadr hazırlığına xüsusi diqqət ayrılmalıdır: “Eyni zamanda son illərdə ölkəmizdə elmi məqalələrin sayında artım müşahidə edirik. Lakin çalışmalıyıq ki, elmi məqalələr kiçik miqyası əhatə etməklə kifayətlənməməli, daha geniş auditoriyalara çatdırılmalıdır”.