“Azərişıq” sədri Ucarda vətəndaşları qəbul edib

16 Oktyabr 2024 10:17 (UTC+04:00)

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov oktyabrın 15-də Ucar Elektrik Şəbəkəsinin inzibati binasında Ucar və Zərdab rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub. SİA xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Ucar rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Qeyd edək ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi bütün tədbirlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.