Akademik İsa Həbibbəylinin 75 yaşı tamam olur

16 Oktyabr 2024 09:58 (UTC+04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü İsa Həbibbəylinin 75 yaşı tamam olur. İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan MSSR-in Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini 1971-ci ildə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir.

1971-ci ildən Şərur rayonunda Danzik kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, 1991–1996-cı illərdə elmi işlər üzrə prorektor, 1968–1971 və 1975–1990-cı illərdə Tələbə Elmi Cəmiyyətinin sədri, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.

2013-cü ilin aprel ayından 2019-cu ilin oktyabr ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, 2019–2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, 2020–2022-ci illərdə yenidən vitse-prezidenti seçilmişdir. 2022-ci ilin oktyabr ayından isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş, Beynəlxalq münasibətlər və insan hüquqları komissiyasına rəhbərlik etmişdir.
III, IV və V çağırış Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisinin Elm və təhsil komitəsinin sədri (2015–2020) kimi "Elm haqqında" (2016), "Məktəbəqədər təhsil haqqında" (2017), "Peşə təhsili haqqında" (2018), "Ümumi təhsil haqqında" (2019) qanunlarınınlayihələrini hazırlamışdır. Milli Məclisin Toponimiya Komissiyasının sədri olubr (2015). Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsinin layihələrinin (2014, 2023), "Elm məbədi" filminin, "Akademiya marşı"nın müəllifi, "Fizika və lirika" layihəsinin, AMEA-da Təsviri və tətbiqi sənət sərgilərinin təşkilatçısıdır. YAP Siyasi Şurasının üzvü olmuşdur (2013–2021). Azərbaycan Milli Elmlər Akademiyasının "Məruzələr", "Elm və həyat", AMEA Humanitar Elmlər Bölməsinin "Filologiya və sənətşünaslıq", Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Poeetika.izm", "Müqayisəli ədəbiyyatşünaslıq" jurnallarının baş redaktorudur.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvüdür.

Ədəbi cərəyanlar, ədəbi növlər və janrlar üzrə tədqiqatlar aparmış, ilk dəfə satiranın ədəbi növ, erkən realizm, postmodernizm, magik realizm, akademizmin isə ədəbi cərəyan olduğunu müəyyən etmişdir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında təkmetodlu ədəbiyyatdan çoxmetodlu bədii metoda keçid prosesinin baş verdiyini irəli sürmüşdür. Azərbaycançılıq, Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi və mollanəsrəddinçilik konsepsiyalarını hazırlamışdır. XIX–XXI əsrlər Azərbaycan ədəbiyyatı tarixinə dair çoxsaylı tədqiqatları vardır. Cəlil Məmmədquluzadənin irsini tədqiq etmiş, ilk dəfə olaraq nəsil səcərəsini tərtib etmişdir. Ədibin 4 cildlik "Əsərləri"ni Bakıda (2004), 2 cildlik "Seçilmiş əsərləri"ni Naxçıvanda (2009), əsərlərindən seçmələri Rusiya (1999), Pakistan (2004), Misir Ərəb Respublikası (2008), Macarıstan (2011), Litva (2017), Bolqarıstan, Özbəkistan və Tacikistanda (2019) nəşr etdirmişdir. Mirzə Cəlilin nəslinin Fransa və İrandakı davamçılarını tapmış (1992–1998), Polşadakı varislərinin Bakıya səfərini təşkil etmişdir (16–21 noyabr 2019). Cəlil Məmmədquluzadə, Məhəmməd Tağı Sidqi, Məhəmməd ağa Şahtaxtlı, Məmməd Səid Ordubadi, Eynulla Sultanov, Məmməd Cəfər Cəfərov və Ələkbər Qəribin naməlum əsərlərini nəşr etdirmişdir.

SƏS Media Qrup adından hörmətli akademiki ürəkdən təbrik edir, ona həyatda yeni-yeni uğurlar arzulayırıq.