Cənubi Koreya hərbçiləri Koreya Xalq Demokratik Respublikasının iki ölkəni birləşdirən yolların öz ərazisindən keçən hissəsini partlatmasına cavab olaraq qarşı istiqamətə xəbərdarlıq atəşi açıblar.
SİA xəbər verir ki, “Yonhap” agentliyi bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş qərargah rəisləri komitəsinə istinadla məlumat yayıb. Rəsmi Seulun məlumatına görə, Şimali və Cənubi Koreyanı birləşdirən yolların partladılması nəticəsində Silahlı Qüvvələrə heç bir zərər dəyməyib.
Xatırladaq ki, Seul bir müddət öncə Pxenyanın yarımadanın şərqində və qərbində Koreya Respublikasına gedən yolları partlatdığını, həmçinin ağır texnikanın iştirakı ilə əlavə fəaliyyətlərlə məşğul olduğunu bildirib.