Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş mövcud dünya nizamının artıq müharibə və qarşıdurmaların qarşısını almaq iqtidarında olmadığını bildirib və yeni sistemin qurulması ilə əlaqədar çağırış edib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Numan Kurtulmuş İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın (PİB) sədri, eyni zamanda Tanzaniya Parlamentinin sədri Tulia Ackson ilə görüşüb.
Dünyanın bir çox yerində qarşıdurmaların və gərginliyin davam etdiyini və buna görə narahat olduqlarını ifadə edən Numan Kurtulmuş mövcud dünya sisteminin bu gərginliklərin, qarşıdurmaların, müharibələrin, ədalətsizliklərin qarşısını ala bilmədiyini müşahidə etdiklərini deyib.
Numan Kurtulmuş beynəlxalq parlament platformasının qlobal sülhün təmin olunmasına töhfə verəcəyini düşündüklərini bildirib.