Türkiyənin Ərzincan şəhərində yerləşən Ərzincan Binali Yıldırım Universitetində Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu işə başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) ev sahibliyi etdiyi simpozium Ərzincan valiliyinin, Ərzincan bələdiyyəsinin, Ərzincan Binəli Yıldırım Universitetinin və digər tərəfdaşların birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə YTB rəhbəri Abdullah Eren, Ərzincan valisi Hamza Aydoğdu, Ərzincan bələdiyyəsinin sədri Bekir Aksu və digərləri çıxış ediblər.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz simpoziuma onlayn qatılıb və bildirib ki, 7 milyondan çox türk xarici ölkələrdə məskunlaşıb. O, türklərin yaşadıqları torpaqlara qatdıqları dəyərləri, öz həmrəylikləri ilə vətən həsrətini aradan qaldırdıqlarını vurğulayıb.
Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım türk diasporunun dünyanın dörd bir yanında türk mədəniyyətini, dəyərlərini və uğurlarını təmsil edən böyük bir güc olduğunu dilə gətirib: “Birlikdə güclü addımlar atacaq və Türk dünyasının beynəlxalq arenadakı rolunu daha da gücləndirəcəyik”.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlətlərinin birliyinə və həmrəyliyinə xüsusi əhəmiyyət verdiyini bildirib. Sədr müavini Türk dünyasının gələcəyi ilə bağlı qarşıya qoyulan hədəflərə toxunub və aparılan məqsədyönlü siyasətin nəticəsində əldə olunan nailiyyətlər haqqında fikirlərini bölüşüb. O, komitə ilə Türk Dövlətləri Təşkilatının əməkdaşlığı çərçivəsində görülmüş işləri diqqətə çatdırıb, TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıqdan bəhs edib. Elşad Əliyev komitənin Türk dünyası ilə əlaqələrin daha da dərinləşməsi və inkişafı istiqamətində həyata keçirdiyi layihələr barədə simpozium iştirakçılarına geniş məlumat verib.
Qeyd edək ki, simpozium oktyabrın 16-da yekunlaşacaq.