Məqalənin adını oxuyan zaman, “sanki Marks və Leninin üstü toz basmış oxunulmayan kitablarının mövzusudur” – deyib, yan keçməyin. Mövzunun praktiki əhəmiyyəti hər bir seçicinin seçkilərdə iştirak edib səs verməsi qədər önəmlidir. Müasir dünyada siyasi partiyalar ölkənin siyasi sistemini xarakterizə edən əsas institutlarından biridir. Onların mövcudluğu, fəallıq dərəcəsi və ölkə vətəndaşlarının həmin siyasi partiyalara münasibətinin məzmunu bizə bir çox maraqlı məsələlərdən xəbər verir. Bu mənada təqribən 4 il bundan öncə bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə mövcud istiqamətdə başlanmış sistemli tədbirlərə diqqət yetirməyimiz kifayət edir ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların, sözün hərfi mənasında, “reanimasiya” olunduğunu görə bilək. Görülmüş işlərin mahiyyəti həm də ona işarə edir ki, siyasi partiyaların inkişafı və sağlam siyasi münasibətlərin bərqərar olunması kimi məsələlər Prezidentin dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələridir.
Bu sözlər politoloq Asif Adilin “Azərbaycanda partiya siyasətinin fəlsəfəsi” sərlövhəli məqaləsində yer alıb. SİA məqaləni təqdim edir.
Müxtəlif müasir tendensiyaların təsiri altında ictimai münasibətlərin mürəkkəbləşdiyi bir dövrdə “məsuliyyətli vətəndaş” anlayışı olduqca aktuallaşır. Məsuliyyətli vətəndaş minimal siyasi savada malik olan vətəndaşdır. Dünyada cərəyan edən fərqli məzmunlu proseslər fonunda siyasi manipulyasiyaların toruna düşməmək üçün vətəndaş baş verən bu və ya digər hadisələrə adekvat qiymət verməyi bacarmalıdır. Yalnız bu halda biz digərlərinin “kirli” oyunlarına alət olmaqdan özümüzü sığortalaya bilərik.
Bildiyiniz kimi, siyasi partiyalar müxtəlif siyasi proseslərin mərkəzində dayanan təsisatdır. Odur ki, Azərbaycanda partiya siyasətinin fəlsəfəsinin əsas konturları haqqında məlumatlı olmaq, eyni zamanda, məsuliyyətli vətəndaş olmaq deməkdir. Belə ki, ölkədə partiya sisteminin inkişafına yönəlmiş tədbirlərin mahiyyətinə diqqət yetirəndə biz partiya siyasətinin fəlsəfəsinin ilk xüsusiyyətini müəyyən edə bilərik: “siyasi partiyalar cəmiyyətin inkişafına xidmət edən təsisatdır”.
Əslində Prezident İlham Əliyevin dörd il öncə BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında səsləndirdiyi fikirlər Azərbaycanda partiya siyasətinin qeyd olunan fəlsəfi mahiyyətini açıq şəkildə müəyyən etmişdir: “Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir”. Göründüyü kimi dövlətimizin başçısı ölkəmizdə, o cümlədən siyasi partiyalar vasitəsilə aparılan siyasi dialoqu dayanıqlı inkişafı təmin edən strateji amil kimi müəyyən edir.
Beynəlxalq münasibətlər sistemində müşahidə olunan bütün təlatümlərə, habelə daxildən və xaricdən yaradılan süni maneələrə rəğmən əminliklə deyə bilərik ki, ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşması prosesinə şahidlik edirik. Məhz elə bu səbəbdən də siyasi həqiqətləri, aparılan islahatların mahiyyətində axtarmaq lazımdır. Mərhələli şəkildə reallaşdırılan islahatlar siyasi sistemin immunitetini artırır və dəyişən reallıqlara effektiv adaptasiyanı təmin edir. Sözügedən vəzifə isə dövlət üçün milli təhlükəsizliyin təmin olunması qədər strateji əhəmiyyət kəsb edir.
Burada prinsipial olaraq qeyd olunmalıdır ki, siyasi konfiqurasiya ilə bağlı olan bütün sistem xarakterli islahatlar gələcəyə yönəlmiş islahatlardır. Bu cür islahatların müstəsna əhəmiyyəti ondan ibarətdir ki, onlar siyasi sabitliyin qorunmasına və dayanıqlı inkişafın təmin olunmasına töhfə verməklə yanaşı, gələcəkdə yaşanıla biləcək, ehtimal olunan hər hansı müxtəlif sosial-siyasi “stresslərə” qarşı sağlam müqavimətin göstərilməsi kimi strateji vəzifələrin icrası prosesini aydın şəkildə görməyə imkan verir. Bu qeyd olunanlar isə partiya siyasətinin fəlsəfəsinin növbəti xüsusiyyətini müəyyən edir: “siyasi partiyaların sağlamlığı milli təhlükəsizliyin önəmli komponentlərindən biridir”.
“Yeni siyasi konfiqurasiya ilə bağlı olan islahatlar çərçivəsində ən əlamətdar hadisələrdən biri və bəlkə də birincisi “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul olunmasıdır”, - desək, yəqin ki, yanılmarıq. Əslində yeni Qanunun qəbul olunmasını ölkənin siyasi partiyalar tarixinin yeni inkişaf mərhələsi kimi də adlandırmaq olar. Məhz bu Qanun sayəsində siyasi partiyalar uzun illər sonra həqiqətən də önəmli siyasi vahidə çevrilmiş oldular. Təsadüfi deyil ki, VII çağırış Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. Xatırladaq ki, ölkəmizdə ümumilikdə 26 siyasi partiya mövcuddur. Qeyd olunanları, habelə Milli Məclisin funksional təyinatını nəzərə alaraq çəkinmədən onu da isbat edə bilərik ki, Azərbaycanda partiya siyasətinin fəlsəfəsinin mahiyyəti, eyni zamanda, xalqın və dövlətin inkişafı naminə cəmiyyətdə olan potensialların səfərbər olunmasındadır.
Siyasi partiyalar müstəvisində müşahidə olunan tendensiyalara nəzər yetirəndə görə bilərik ki, yeni Qanun sayəsində siyasətdə “cəngavərlik” münasibətləri dövründən peşəkar və rasional münasibətlər dövrünə keçid rəsmiləşdirilib. Təsadüfi deyil ki, Qanuna qarşı çıxış etmiş olanlar məhz dəyişmək istəməyən, yenilənmə və inkişaf üçün özündə güc tapmayan və siyasətdə rasional münasibətlərdən çəkinən radikallardır. Bu həmin radikallardır ki, çirkin ritorikalarının mərkəzində cəmiyyətdə ideoloji ixtilafın yaradılması kimi xain məqsədlər dayanır.
Təqribən ötən dörd il ərzində siyasi münasibətlərin iştirakçıları arasında dialoqla bağlı lazımi vərdiş və səriştəliklərin inkişaf etdirilməsi üçün böyük addımlar atılmışdır. Deyə bilərik ki, məhz görülmüş işlər nəticəsində ötən dövr, siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi mərhələsi idi. Açıq dialoq mühiti fərqli ideologiya və yanaşma sahibi olan siyasətçilərə bir-birlərinə hörmətlə qarşılıqlı eşidib-eşidilmək imkanını qazandırmışdır. Odur ki, ali siyasi iradənin nəticəsində atılan təşəbbüslər sayəsində siyasi dialoq Azərbaycanda ümumictimai prosesə çevrilmişdir. Bu məqamda partiya siyasətin fəlsəfəsinin növbəti mahiyyəti üzə çıxmış olur: partiyalar dayanıqlı inkişaf naminə cəmiyyətin inteqrasiyasını təmin edən işlək mexanizmdir. Siyasi partiyalar dövlət və cəmiyyətin inkişafı naminə fərqli baxış və yanaşma sahibləri olan insanların bacarıq və potensiallarının səfərbər olunmasına xidmət edirlər. Sağlam siyasi partiyalar mütləq olaraq cəmiyyətin mobilliyini təmin edən əsas siyasi alət kimi çıxış etməlidirlər. Yeni siyasi konfiqurasiyanın formalaşdırılması istiqamətində aparılan islahatların fəlsəfəsi də məhz qeyd olunan strateji hədəfə xidmət edir.
Siyasi dialoq mühitinin aktiv şəkildə təşviq olunan dövrünün daha bir önəmli xüsusiyyəti mövcuddur. Siyasi simpatiyalardan asılı olmayaraq obyektivlik naminə etiraf etməliyik ki, siyasi dialoq mühiti bir sıra siyasi partiyaları cəmiyyətə tanıtdırdı. Demokratik məzmunlu bütün siyasi paradiqmalar siyasi dialoqu özündə ehtiva etməlidir. Burada biz partiya siyasətinin fəlsəfəsinin digər önəmli mahiyyətini görürük: partiyalar fikir müxtəlifliyi və siyasi plüralizmi siyasətdə təmin edən institusional mexanizmdir.
Beynəlxalq münasibətlər sistemində “ikili standartlar” siyasətinin hökm sürdüyü bir dövrdə siyasi peşəkarlıq amili xüsusi olaraq aktuallaşır. Məhz peşəkar və müvafiq potensiala malik olan partiyalar ölkəmizin maraqlarını və artan beynəlxalq nüfuzunu aidiyyəti qlobal təşkilatlar müstəvisində müdafiə edə biləcək. Mövcud kontekstdə Prezident İlham Əliyevin bu sözləri əlamətdar xarakter daşıyır: “Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir”. (2020-ci ilin yekunlarına həsr olunan müşavirə). Buradan aydın olur ki, peşəkarlıq amili Azərbaycanda partiya siyasətinin fəlsəfəsinin mahiyyətini müəyyən edən prinsipial meyardır.
Kontekstin inkişafında Prezident İlham Əliyevin daha bir önəmli fikrinə diqqət yetirək: “Əlbəttə ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq – biz bunu istəyirik. Biz öz niyyətimizi ortaya qoymuşuq...” (2020-ci ilin yekunlarına həsr olunan müşavirə). Dövlətimizn başçısının bu cür mövqeyini, habelə mövcud istiqamətdə görülmüş işlərin mahiyyətini nəzərə alaraq, xüsusilə vurğulaya bilərik ki, dialoq mühiti qarşıdurma yaratmaq üçün süni bəhanələrin sayını əsaslı şəkildə azaldır. Siyasətdə dialoq mühiti “düşmənçilik” paradiqmasını “opponentlik” paradiqması ilə əvəzləyir. Odur ki, partiya siyasətinin fəlsəfəsi, eyni zamanda, siyasətdə düşmənçilik münasibətlərindən sağlam rəqabət münasibətləri müstəvisinə keçidin təmin olunmasındadır.
Siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs etiraf edə bilər ki, siyasi partiyalara dövlət dəstəyinin göstərilməsi, eyni zamanda, demokratik müxalifətçilik institutunun inkişafına göstərilmiş dəstək deməkdir. “Müxalifətçilik institutu” da öz növbəsində siyasi sistemin ayrılmaz parçasıdır və məhz bu səbəbdən də Prezident İlham Əliyev ölkədə siyasi münasibətlərin sağlamlaşdırılması məsələsinə prinsipial diqqət ayırır. Əlbəttə ki, peşəkar, demokratik və sağlam müxalifətçiliyə aparan yol məhz ölkənin siyasi partiyalar sisteminin müasirləşdirilməsi, habelə onların işlək vəziyyətə gətirilməsindən keçir. Sağlam siyasi partiyalar ölkənin kadr potensialının formalaşdırılmasında əsas rollardan birini oynamalıdırlar. Burada biz artıq partiya siyasətinin fəlsəfəsinin digər mahiyyətini görə bilirik: dövlət siyasətində alternativ fikir və yanaşmaların müəyyən olunması, habelə siyasi elitanın formalaşdırılması.
Beləliklə, Azərbaycanda aparılan partiya siyasətinin fəlsəfəsinin ümumiləşmiş yekun təhlili kifayət edir ki, biz siyasi partiyaların növbəti demokratik təyinatlarını görə bilək: cəmiyyətin inkişafına xidmət, milli təhlükəsizliyin təmin olunmasında iştirak, xalqın intellektual potensialının səfərbər olunması, cəmiyyətin inteqrasiyası, siyasətdə plüralizm prinsipinin təminatı, siyasi proseslərdə peşəkar münasibətlərin bərqərar olunması, siyasətdə sağlam rəqabət mühitinin təminatı və dövlət idarəetməsində alternativ yanaşmaların tətbiqinə nail olmaq. Qeyd edilənlərlə bağlı məlumatlı olmaq kifayətdir ki, biz siyasi partiyalarla bağlı obyektiv həqiqətləri qərəzli manipulyasiyalardan ayırd edə bilək.