Avropa Rusiyanın pulunu Ukraynaya kredit verəcək

15 Oktyabr 2024 18:44 (UTC+04:00)

Avropa Parlamenti (AP) komitəsi Avropa İttifaqının (Aİ) Rusiyanın dondurulmuş aktivlərinin gəlirlərini təminat olaraq göstərməklə Ukraynaya 35 milyard avro kredit ayırması ilə bağlı razılığa gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, Belçikanın paytaxtı Brüsseldə keçirilən AP Ticarət Komitəsinin iclasında Rusiyanın dondurulmuş aktivləri ilə Ukraynaya dəstək təşəbbüsü müzakirə edilib. Komitə üzvləri 4 "əleyhinə" və 31 "lehinə" səsi ilə G-7-nin təxminən 45 milyard avroluq öhdəliyi çərçivəsində Aİ-nin Rusiyanın dondurulmuş aktivlərinin gəlirlərini təminat göstərməklə Ukraynaya 35 milyard avro kredit ayırmasını qəbul edib.

Ukraynanın təcili maliyyə ehtiyaclarını dəstəkləmək üçün hazırlanan layihədə Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlir axını Aİ və G-7 tərəfdaşlarından veriləcək kreditlərin ödənilməsinə də yönəldiləcək. Təşəbbüsün AP Baş Assambleyasının oktyabrın 21-24 tarixlərində keçiriləcək sessiyasında səsverməyə çıxarılacağı gözlənilir.

Xatırladaq ki, G-7 ölkələrinin başçıları 2024-cü ilin iyun ayında Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən girov kimi istifadə edərək Ukraynaya 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəlmişdilər.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başladığı 2022-ci ilin fevralından Qərb ölkələri Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bu məbləğin təxminən 200 milyard dolları Aİ ölkələrindədir. Dondurulmuş aktivlər hər il milyardlarla dollar faiz gəliri gətirir. G-7 ölkələri, xüsusən də ABŞ bu gəliri Ukraynaya dəstək vermək üçün istifadə etmək istəyir.