Dövlət Duması “uşaqsızlığı” qadağan edən qanunu qəbul etdi

16 Oktyabr 2024 00:45 (UTC+04:00)

...Bu arada Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsi internetdə, mediada, kinoda və reklamda “uşaqsız təbliğatı” qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul etməyi tövsiyə edib.

SİA-nın əldə etdiyi məlumata görə, komitənin qərarı sənəd kartoçkasında dərc olunur.

Dövlət Duması bu qanun layihəsinə sentyabrın sonunda baxmağa başlayıb. Palatanın spikeri Vyaçeslav Volodin bunun zərurətini onunla izah edib ki, valideynliyə hörmətsizlik və çoxuşaqlı ailələrə qarşı aqressiya sosial şəbəkələrdə eləcə də digər ictimai məkanlarda həddən artıq adi hala çevrilib.

...Qanun layihəsi uşaqsızlığın təbliğinə tam qadağa qoyulmasını nəzərdə tutur və onun pozulmasına görə ciddi cərimələr tətbiq ediləcək: fiziki şəxslər üçün 400, vəzifəli şəxslər üçün 800 min və hüquqi şəxslər üçün 5 milyon rubla qədər...

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bəyan etmişdi ki, doğum səviyyəsinin artırılması hakimiyyət üçün prioritet məsələdir və buna mane olan hər şey aradan qaldırılmalıdır.

Bununla belə, hüquqşünaslar xəbərdarlıq edirlər ki, qanun kontraseptivlərin reklamına və ya hətta müsbət kontekstdə uşaqsızlığın hər hansı qeyd edilməsinə görə cərimələrə səbəb ola bilər.

...Amma, türklər demiş, nə yazıq ki, hökumətin səylərinə baxmayaraq, Rusiyada doğum səviyyəsi azalmaqda davam edir.

Belə ki, Rosstatın məlumatına görə, 2024-cü ilin ilk altı ayında ölkədə 599,6 min uşaq doğulub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,6 min uşaq azdır (təxminən 3 faiz azalma). Eyni zamanda, 2023-cü il 1999-cu ildən bəri ən aşağı doğum səviyyəsini göstərdi.

Əli Babayev