Ermənistanın tədricən öz subyektivliyini itirdiyi, suveren bir dövlət olmadığı, hətta ermənilərin özlərinin də diqqətindən yayınmır və bunu etiraf da edirlər. Bəzi erməni əsilli siyasətçilər ölkələrinin müstəqil dövlət deyil, getdikcə “regional motel” kimi mövcud olacağı qənaətindədirlər və bu mənada haqlıdırlar da. Hər halda, hadisələrin gedişatını izləyən erməni politoloqlar müvafiq istinadlara əsaslanaraq belə qənaətə gəlirlər və görünən odur ki, həqiqətən də Ermənistan heç də suveren, müstəqil dövlət olaraq, öz siyasətini özü təyin etmir, bəzi ölkələrin maraqlarına xidmət edən, onların maraqlarının qarşılaşdığı məkana çevrilir.
Regional müşahidələrdən tutmuş, bölgədə mövqe əldə etməyə qədər işğalçı ölkədən bir məkan kimi istifadə edilir
Bütün dünya ölkələrinin məhz təhlükəsizliyin təminatı ilə bağlı maraqlı olduğu təkzib edilə bilməz və ölkələrin hər zaman təhlükəsizliyin təminatı istiqamətində müvafiq addımlar atmaları məntiqi, eləcə də başadüşüləndir. Məsələ burasındadır ki, Ermənistan kimi kiçik, zəif, çox cılız bir dövlət təhlükəsizliyin təmin edilməsi maraqları naminə ancaq müttəfiqlər tapmağa çalışır. Rəsmi İrəvan hətta elə hesab edir ki, müttəfiqlər nə qədər çox olarsa, bir o qədər yaxşıdır, amma bununla belə daha güclü, daha böyük potensialı olan, söz sahibi hesab edilən bir ölkəni müttəfiq seçmək haylar üçün prioritet hesab olunur. Bu baxımdan Ermənistanın indiyə qədər Rusiyanı müttəfiq kimi qəbul etməsi başadüşülən idi. Qonşu İranla da bu xüsusda münasibətlərdə maraqlı olmaları da anlaşılandır. Lakin hazırkı vəziyyətdə işğalçı ölkə öz münasibətlərinin səviyyəsini strateji müttəfiqlik həddinə çatdırmaq niyyətindədir. Fəqət, yanlış siyasət aparması, aqressiv və iddialı davranması, Qərbin oyuncağına çevrilməsi fonunda istər Rusiya, istərsə də İranla münasibətlərinin həmin o strateji müttəfiqlik həddinə çatdırmaq arzularının puç olduğunu hamıdan yaxşı elə haylar özləri başa düşürlər. Başa düşürlər ki, Rusiya ilə də, İranla da heç əvvəlki münasibətləri belə bərpa edə bilməyəcəklər. Bunu yaxşı başa düşən haylar Qərbə üz tuturlar ki, özlərinə yeni müttəfiq tapsınlar. Bəlkə də amerikalıları, fransızları özlərinə daha yaxın kimi görmək istəyən ermənilər ABŞ və Fransanı müttəfiq kimi, özü də strateji müttəfiq kimi görmək arzusundadırlar. Lakin vəziyyət heç də onların istədikləri və arzuladıqları kimi deyil. ABŞ və Fransa yalnız özünün regional maraqları naminə Ermənistana “yaxınlıq verir” və İrəvana hansısa dəstək də həmin maraqlara görədir. Ümumiyyətlə, Qərb ilk növbədə Cənubi Qafqazda “özünə yer eləmək” üçün Ermənistandan istifadə edir və hansısa ianələr, yardımlar da hayların başlarını tovlamaq üçündür. Görünən odur ki, haylar da yaxşıca tovlanırlar və Qərbin belə ianələrinə görə ölkələrinin suverenliyini, müstəqilliyini qurban verirlər. Qərb indi Ermənistanda öz imkanları üçün yerləşir və regional müşahidələrdən tutmuş, bölgədə mövqe əldə etməyə qədər işğalçı ölkədən bir məkan kimi istifadə edir. Daha dəqiq desək, Qərb üçün indi Ermənistan sadəcə olaraq “regional motel” hesab olunur.
Hayların Qərbin oyuncağına çevrildiyini, “regional motel“ kimi istifadə edildiyini Ermənistanın heç bir qonşusu normal qarşılamır
İndi haylar yaxşı bilirlər ki, 2018-ci ildən başlayaraq Ermənistan sistemli şəkildə Rusiya kimi bir müttəfiqindən məhrum oldu. Bu da təsadüfi şəkildə baş vermədi və səbəbləri də hələ zamanında bəlli idi. Bəlli idi ki, hayların Rusiya kapitallı müəssisələrdə maskalı şoular təşkil etmələri, onların işlərini iflic vəziyyətində qoymaları, Rusiyanın xarici işlər naziri Sergey Lavrovu ələ salmaları, Rusiya prezidenti Vladimir Putini hava limanında qarşılamağa belə getməmələri şimal qonşuları ilə münasibətləri tamamilə korlamağa gətirib çıxarmalıdır və belə də oldu. Kreml üçün Ermənistan tamamilə fərqli bir ölkəyə çevrildi və artıq heç də müttəfiqlik münasibətlərindən danışmaq mümkün deyil. Heç qonşusu İran ilə də hayların münasibətlərinin vəziyyəti Rusiya ilə olduğundan yaxşı deyil. Çünki İran tərəfi də yaxşı bilir və başa düşür, görür ki, haylar nə edirlərsə Qərbin tələbi ilə edirlər. Farslar da ruslar kimi, hayların Qərbin oyuncağına çevrildiyini xoş qarşılamırlar və Ermənistanın bir “regional motel“ olaraq istifadə edilməsini işğalçı ölkənin heç bir qonşusu normal qarşılamır.
İstər Rusiya, istərsə də İran Avropadan gələn “qonaqlar” məsələsində İrəvanla qətiyyən razılaşa bilmir. Ermənistanın qonşusu olan hər iki dövlət başa düşür ki, “qonaq çağırılan” avropalılar ən azından regionu izləmək üçün işğalçı ölkənin ərazidindədirlər. İstənilən halda nə ruslar, nə də farslar bundan razı qala bilməzlər. Ermənistandan fərqli olaraq, Rusiya da, İran da Avropa cəsuslarının işğalçı ölkə ərazisində olmasına çox pis baxır, çünki rəqibləri tərəfindən izlənilməsini qətiyyən qəbul etmir. Rəsmi İrəvan isə bütün bunları nəzərə almadan, müttəfiq qazanmaq üçün öz ərazisini kimlərinsə ayaqları altına atır, avropalıların regiona soxulmaq üçün apardıqları siyasətə “töhfə” verir və “regional motel” kimi istifadəsini də belə qəbul edir.
Avropalı müşahidəçiləri öz ərazisində yerləşdirmək problemi həll etmək, təhlükəsizliyi təmin etmək demək deyil
Bir çox erməni siyasətçiləri belə etiraf edirlər ki, Ermənistanda avropalı müşahidəçilərin olması heç də müsbət nəticələr vəd etmir və bu addımın çox pis qarşılanması da məntiqidir, doğrudur. Məsələn, erməni əsilli politoloq Edqar Elbakyan “Pressinq” proqramında açıq şəkildə qeyd edir ki, Ermənistanda avropalı müşahidəçilərin olması, yəni İrəvanın Avropdan regionu müşahidə edən “qonaq”, yəni, cəsus çağırıb öz ərazidində yerləşdirməsi münaqişə bölgəsində problemləri həll etmək demək deyil. O, bildirir ki, bununla hansısa təhlükəsizliyin təminatına da nail olmaq olmaz və müşahidəçilərin olması onlara güc tətbiq edilməsinə belə maneə sayılmır. Politoloq Elbakyan avropalı müşahidəçilərə işarə edərək, qeyd edir ki, əslində onların missiyası Rusiya Federasiyasının regiondakı hərəkətlərini izləməkdir. Beləliklə də politoloq izah etməyə çalışır ki, Ermənistan avroplı müşahidəçiləri, yəni, cəsusları dəvət etməklə və yerləşdirməklə, sadəcə olaraq, qonşuları ilə öz münasibətlərini korlamış olur. Həqiqətən də görürük ki, Ermənistan hakimiyyəti, avropalı müşahidəçilərdən və özəl mühafizə şirkətindən tutmuş NATO-ya qədər hər kəsi Ermənistana dəvət edir, lakin bununla belə, eyni zamanda təhlükəsizlik məsələləri də həll olunmamış qalır. Çünki Qərb üçün Ermənistanın maraqları, onun təhlükəsizlik məsələləri heç bir əhəmiyyət kəsb etmir. Əgər işğalçı ölkənin təhlükəsizliyi ilə hansısa ifadələr uydurulursa, yaxud, region ölkələrinə qarşı ara-sıra bəzi ədalətsiz fikirlər səsləndirilirsə, bu da gözdən pərdə asmağın, eləcə də ikili standartların təzahürü kimi təəssürat bağışlayır.
Təhülkəsizliyinin təminatı üçün rəsmi İrəvanın hansısa ölkəyə yalvarması, öz ərazisini “regional motel” etməsi nəinki Ermənistanın problemlərini həll etmir, həm də ölkəni subyektivlikdən, suverenliyindən, müstəqilliyindən məhrum edir. Avropalı müşahidəçi adı ilə Avropa cəsuslarını öz ərazisində yerləşdirən Ermənistan ölkəsini casusluq edənlər üçün məkana çevirir və regionu izləmələrinə şərait yaratmaqla heç də təhlükəsizliyini təmin etmir. Əksinə, avropalı müşahidəçilərin Ermənistanda olması həm region üçün, həm də elə həmin ölkənin özü üçün arzuolunmazdır. Çünki Qərb yekunda öz ambisiyaları naminə elə öz ölkəsini cəsus məkanına çevirən dövləti də asanlıqla “hədəfə” ala bilər və İrəvan heç də hansısa bir ölkə üçün “yağlı tikə”, yaxud toxunulmaz sayılmır. Reallıq bundan ibarətdir ki, öz müşahidəçilərini işğalçı ölkənin ərazilərinə yerləşdirən Qərb getdikcə Ermənistanın da yerinə qərar verir, onun müstəqilliyi, suverenliyi barədə belə düşünmür. Bu isə o deməkdir ki, Ermənistan müstəqil, suveren ölkəyə deyil, “regional motelə” çevrilir.