Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin Türkiyəyə yaxınlaşan təhlükəsinə qarşı bütün tədbirləri gördüklərini bildirib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyasının da sədri olan prezident Ərdoğan paytaxt Ankarada keçirilən Fələstinin Gələcəyi Konfransında çıxış edib.
İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzzaya qarşı başladığı və hazırda Livana qədər uzanan soyqırım siyasətinin bəşəriyyətin də sionizmin əsl siması ilə qarşılaşmasına səbəb olduğunu bildirən Türkiyə prezidenti deyib: “Beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının İsrailin təkəbbürü qarşısında nə qədər aciz olduqlarını gördük. Qərbin illərdir müdafiə etdiyi azadlıq, demokratiya, hüquq kimi bütün dəyərlər, ifadə və mətbuat azadlığı bir anda rəfə düşdü.
İsrailin işğal, dağıtma və edam siyasəti 76 ildir fasiləsiz davam edir.
Getdikcə korlanan və tüğyan edən İsrailin qarşısı alınmasa, bu ekspansionizmin hara yayılacağını təxmin edə bilərik. Anlayışı olmayan və ölkəmizə yaxınlaşan təhlükəni qulaqardına vuranlar olsa da, biz riski hiss dir və hər cür ehtiyat tədbirləri görürük.
İsrailin vəhşi hücumları nəticəsində Qəzza 2 milyon adamın toplaşdığı nəhəng toplama düşərgəsinə çevrilib. Qış mövsümünə qədər Qəzzaya daha çox humanitar yardımın çatdırılması üçün beynəlxalq ictimaiyyət və İslam dünyası daha çox səy göstərməlidir.
Qəzzadakı qırğına ən sərt reaksiya verən və İsrailə qarşı konkret tədbirlər görən yeganə dövlət Türkiyədir.
1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan, müstəqil və suveren Fələstin dövləti qurulana qədər mübarizəmizi yorulmadan davam etdirəcəyik”.