Avropadakı tibb tələbələri əvvəllər tropik hesab edilən xəstəlikləri daha ətraflı öyrənə biləcəklər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Guardian” Avropa İttifaqı və Böyük Britaniyanın 25 tibb məktəbinin bəyanatlarına istinadən yazır.
Onların rəhbərliyi bir araya gələrək Avropada iqlim və sağlamlıq təhsili şəbəkəsi yaratmaq planını elan etdi. Universitetlərin rəhbərliyinin fikrincə, qlobal istiləşmə ilə əlaqədar indi tropik kimi təsnif edilən xəstəliklər - məsələn, malyariya və ya Denq qızdırması tezliklə Avropada daha çox yayılacaq.
Tibb tələbələri onlarla mübarizə aparmalı olacaqları üçün əvvəlcədən hazırlanmalıdırlar.
Bu təşəbbüs Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra iri əczaçılıq şirkətləri tərəfindən dəstəklənib. Hələlik Avropa şəbəkəsi yalnız iştirakla razılaşan tibb fakültələrini əhatə edəcək, lakin o, eyni zamanda Avropanın bütün universitetlərinin və tibb fakültələrinin kurikulumlarına müvafiq dəyişikliklərin edilməsinə təkan vermək niyyətindədir.
...İqlim dəyişikliyi hamıya, hər yerdə təsir edəcək, lakin eyni dərəcədə deyil. Regional şəbəkələr inkişaf etdirilməlidir ki, tibb işçiləri təcrübə etdikləri yerlərdə baş verən iqlimlə bağlı sağlamlıq problemlərinin qarşısını ala və həll edə bilsinlər.
Bunu İqlim və Sağlamlıq Təhsili üzrə Qlobal Konsorsiumun direktoru, professor Sesiliya Sorensen deyib.
Nazlı Almuradova