""Böyük Qayıdış" proqramı davamlı xarakter daşıyır". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, köç prosesi aylar ərzində daha da sürətlənib: "İlk dəfə olaraq Cəbrayıla ilk sakinlər yerləşdirilib. Cəbrayıl səhərinin əsas infrastrukturu qurulub, inkişaf etdiriləcək. Digər regionlarda da proseslər gedir. Yüzə yaxın kənd və qəsəbələrin təməli qoyulub. Bir çoxunda artıq insanlar yaşayır. İnsanların qayıdışı baş tutur. Eyni zamanda Qarabağ iqtisadi rayonunda Xocalı, Ağdərə, Xocavənd, Şuşa və digər rayonlarda da həm abadlıq işləri gedir, həm də sakinlər öz yurd-yuvalarına qayıdırlar. Bu da eyni zamanda regionların iqtisadi inkişafına təkan verəcək. Beləliklə, bu regionlar çox sürətli şəkildə Azərbaycan iqtisadiyyatına, sosial həyatına inteqrasiya olunacaq.
Kütləvi informasiya vasitələrində bu mövzu tez-tez işıqlandırılır. Demək olar ki, hər gün gündəmdə olan mövzudur. Bu prosesdə müəyyən dərəcədə ictimai nəzarət də var. Çünki həm televiziya, həm də digər kütləvi informasiya vasitələri ilə görüntüləri görə bilərik. Görüntülər də ondan xəbər verir ki, müxtəlif yerlərdə, həm şəhər, həm də qəsəbələrdə infrastruktur obyektləri, yaşayış binaları tikilir. Eyni zamanda iş yerləri yaradılır ki, bunlar da azad edilmiş torpaqlarda "Böyük Qayıdış"ın təmin olunmasına xidmət göstərir.Son illər ərzində bu prosesə eyni zamanda xarici investorlar da cəlb olunur. Bir çox ölkələr - Macarıstan, Slovakiya, ayrı-ayrı ölkələrin iri şirkətləri, Türkiyə, Böyük Britaniya, bizə qardaş olan türk ölkələrin şirkətləri bu işə cəlb olunur, inşaat işləri aparırlar. Burada problem də var. Problem ondan ibarətdir ki, ərazilər minalarla çirkləndirilib. Paralel şəkildə minalardan təmizləmə işləri aparılır. Bu da işlərin mürəkkəb olduğundan xəbər verir. Çünki bizim soydaşlarımız, keçmiş qaçqın, məcburi köçkünlərimiz öz yurdlarına qayıdanda, təəssüflər olsun ki, mina təhlükəsi ilə üzləşirlər. Burada da müəyyən təhlükəsizlik işləri aparılmalıdır. Paralel şəkildə bu işlər də görülür. Hər şey ondan xəbər verir ki, proses sürətlə, çox yüksək səviyyədə həyata keçirilir".