"Əgər seçdiyin sənət sahəsində aldığın məvacibə qane olmursansa, o zaman çıx get. Pullu yer istəyirsənsə, sənətini dəyiş, çox pul qazan. Əks təqdirdə çox pul istəyib, həm də sənətdə qalaraq digər potensialı olan insanlara mane olursan". Bu sözləri SİA-ya müsahibəsində Xalq artisti, aktyor İlham Namiq Kamal deyib.
SİA.az müsahibəni təqdim edir:
- Aktyor sənətini seçməyinizdə istək, yoxsa məcburiyyət rol oynayıb?
- İbtidai sinifdə oxuyanda bizi hər zaman tamaşaları izləməyə aparırdılar. Tamaşa mənə nağıllar aləmi kimi görünürdü və məktəbdə oxuya-oxuya Dram Dərnəyinə, Xalq Teatrına getməyə başladım. Daha sonra isə İncəsənət İnstitutuna daxil oldum və bu günə qədər də eyni yol ilə gedirəm.
- İlham müəllim, ailəniz aktyor olmaq istəyinizi öyrənəndə sizə dəstək oldu?
- Ailəm elə bilirdi ki, mən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olacam. BDU-nun imtahanı avqust, İncəsənət İnstitutunun imtahanı isə iyul ayında idi. Mən iyul ayında ailəmə xəbər vermədən imtahan verdim və sonra ailəmə instituta daxil olduğumu dedim. Təbii ki, əvvəl o qədər də şad olmadılar, amma sonra yavaş-yavaş öyrəşdilər.
- Sizi son zamanlar Azərbaycan filmlərində görə bilmirik…
- Mən əsasən teatr aktyoruyam, amma Azərbaycan filmlərində də rol almışam. “Qaynana”, “Uzun ömrün akkordları”, “Qəribə adam” və başqa bir çox müxtəlif filmlərdə rol almışam. İndi isə dövlət filmi yox dərəcəsindədir, ona görə də son zamanlar çəkilən filmlərdə yer almıram. Mən teatrda da işləmişəm, filmə də çəkilmişəm və bununla bərabər televiziya tamaşalarının da əksəriyyətinə çəkilmişəm. “Niyə ora getmədim?” deməyə heç boş vaxtım olmayıb.
Teatr gövdəli palıd ağacıdırsa, onun bir budağı kino, bir budağı televiziya, bir budağı radiodur. Amma əsas olan ağacın özü, teatrdır".
- İlham müəllim, hazırda hansı tamaşanı məşq edirsiz?
- Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Sabit Rəhmanın eyniadlı “Əliqulu evlənir” pyesi əsasında “Əliqulu bu gün evlənir” libretta yazdım. Librettanın musiqisini Oqtay Nəcəfov, şeirlərini isə dostum Baba Vəziroğlu yazıb. Düşünürəm ki, noyabr ayının sonuna tamaşanı təhvil verəcəyik. Məşq prosesi isə yüksək səviyyədə gedir.
- Dövrümüzdə yumor insanları bir o qədər güldürə bilmir…
- İnsanın gərək içində yumor hissi olsun. Yumor hissi olmayan insan qarşındakının da yumorunu anlaya bilməyəcək. Mən hər zaman demişəm ki, biz bu həyatda müəyyən müddətlik ezamiyyətdəyik, bunu unutmamalıyıq. Bu ezamiyyət müddətində hər kəs öz üzərinə düşən işi görür.
- Son illər həyat verdiyiniz hansı obraz sizdə dərin iz buraxıb?
- Biz aktyorlar üçün bir obraz bitir, digəri başlayır, ruhumuzla işləyirik. Biz həm də çox güclü müşahidəçilik qabiliyyətinə malikik. Bizə obraz təklif olunur və biz həyatdakı hansısa xarakteri ona uyğunlaşdırırıq. Sanki ruhun həmin obraz içərisində pərvaz edir və yeni bir xarakter ortaya çıxır. Bizim sənətin də ən böyük ustalığı həmin xarakteri insanlara təqdim etməkdir. Bizim oynadığımız bütün rollar bizim balalarımızdır.
Fikrimcə, taşamaçılar tərəfindən isə Faiq Şücəddinov və Tamara Vəliyevanın yazdığı “Mən dəyərəm min cavana” tamaşası çox sevilib. Bu yaxınlarda, hətta bu tamaşa 90-cı dəfə oynanıldı. Hətta belə davam edərsə, yaxın aylarda 100-cü tamaşa da oynanılacaq".
- İlham müəllim, pedaqoji fəaliyyətlə də məşğul olursuz. Gənclərin bacarığını necə qiymətləndirirsiz?
- Mən artıq 40 ilə yaxın müddət ərzində kafedra müdiri işləmişəm, hazırda isə Azərbaycan Dövlət Musiqili teatrının aktyorluq kafedrasında köməkçi professor kimi fəaliyyət göstərirəm, tələbələrin bütün imtahan tamaşalarında onların məharətini görür, yanlışlarını qeyd edirəm. Mədəniyyət və İncəsənət Universitetində isə Elmi Şuranın üzvüyəm, orada da tələbələrin inkişafı yeni layihələr yaradılır.
Mənim onlarla tələbələrim müxtəlif teatrlarda fəaliyyət göstərirlər. Mən onlarla fərəhlənirəm. Hətta bir çox tələbələrimlə tamaşalarda tərəf müqabiliyik. Mənim üçün nə qədər xoşdursa, onlar üçün də müəllimləri ilə birgə tamaşada rol almaq bir o qədər xoşdur. Amma burada artıq müəllim-tələbə söhbəti yoxdur, hər kəs öz xarakterini diktə edir.
- Hər zaman yeni nəsil ilə keçmiş nəsil arasında mübarizə olur. Bunu necə dəyərləndirirsiz ?
- Mən bu yaşıma çatmışam, hələ də gənclərlə dostam. Hər bir insan yaşından asılı olmayaraq zəmanəsinin müasir fərdi olmalıdır. Əgər sən müasir insan olsan, gənc də səni özü kimi qəbul edəcək. Amma bəzən müəyyən yaş həddinə çatmış insanlar arxaik fikirlərlə yaşayırlar. Onlar adətən “bizim vaxtımızda” ifadəsini çox sevirlər. Amma elə indi də bizim vaxtımızdır və müasir olmaq lazımdır. Bu zaman gənclər bizi sevəcək.
Gəncləri sevmək, onlara kömək etmək lazımdır. Əgər gənclərə kömək edə bilmirsənsə, onlara mane olmaq lazım deyil. Gənclərin öz istəkləri, tələbatları var. Tamaşa hazırlayarkən gənclər də öz fikirlərini bildirir. Bir çox hallarda da maraqlı fikirlər irəli sürürlər. Ağıllı müəllim öyrətməklə yanaşı, özü də gənclərdən nəsə öyrənməlidir.
- Oynamaq istədiyiniz tamaşa və ya rol var?
- Mən illərdir çox sayda rollar oynamışam. Bəli, elə aktyorlar var ki, hansısa rolun həsrətində olurlar. Amma mən hər zaman demişəm ki, həmin rol həsrətdə olsun ki, onu İlham Namiq Kamal oynayacaq.
- Hazırda insanların teatra olan marağı bir aktyor olaraq sizi qane edir?
- Adətən, tamaşalar zamanı zal dolu olur, çox adam gəlir. Tofiq Kazımov hər zaman deyirdi ki, aktyor tamaşaçının gözü önündə yaşlanmalıdır. Çünki yeni obrazlar ifa etdikcə tamaşaçı da digər tamaşa üçün səbrsizlənir və yenidən teatra üz tutur.
- Aktyorların bir çoxu məvaciblərindən narazıdır…
- Əvvəl də, indi də məvacibindən narazı aktyorlar olub. Məvacib söhbəti məni hər zaman düşündürür. Allah hər bir insana müəyyən bir qismət verir və ona qane olmaq lazımdır. Əgər seçdiyin sənət sahəsində aldığın məvacibə qane olmursansa o zaman çıx get. Pullu yer istəyirsənsə, sənətini dəyiş, çox pul qazan. Əks təqdirdə çox pul istəyib, həm də sənətdə qalaraq digər potensialı olan insanlara mane olursan. Pul hər şeyi həll etmir, insan həvəslə işləyəndə pul haqqında düşünməməlidir.
- Azərbaycan teatrının dünyada tanınması üçün hansı addımlar atılmalıdır?
- Teatrımızın dünyada tanınması üçün ölkəmizdə rejissor sənəti qüvvətlənməlidir. Rejissor varsa teatr var. Rejissor varsa, Azərbaycan teatrının sabahı var.
- Xarici rejissorların dəvəti məsələsinə necə baxırsız?
- Xarici rejissor dəvət etmək bizə heç nə verməyəcək. Futbolda da gündə birini dəvət edirlər, yaşlı kişilər gəlir. Amma heç bir nəticəsi olmur, Azərbaycanda futbol yoxdur. Teatr da eynilə…