“Azərbaycanda multikulturalizm, tolerantlıq tarix boyu və bu gün də həyat tərzidir. Yəni, multikulturalizmi biz idxal etmirik, bu bizim cəmiyyətin mahiyyətindədir. Hətta tarixə ekskursiya etsək, görərik ki, orta əsrlərdə də Azərbaycan mütəfəkkirlərinin əsərlərində müxtəlif mədəniyyətlər öz əksini tapıb. Tarix boyu Azərbaycan coğrafiyasında multikultural dəyərlər mövcud olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
O bildirib ki, tolerantlıq və multikulturalizm Azərbaycan xalqının həyat tərzidir: “Bu gün Azərbaycana gələn fərqli din təmsilçiləri Azərbaycandakı tolerantlığın, multikultural dəyərləri etiraf edir. Hətta Azərbaycanda olan Roma Katolik Kilsəsinin başçısı da bildirib ki, Azərbaycanda multikulturalizm o qədər inkişaf edib ki, dünya ölkələri bundan örnək götürə bilər. Ölkə başçımız da hər zaman vurğulayır ki, Azərbaycanda mədəni müxtəliflik, multikulturalizm, fərqli millətlərin yaşaması Azərbaycanın sərvətidir və bizim gücümüzü təcəssüm etdirir. Biz bunun bariz nümunəsi ikinci Qarabağ savaşında bir daha gördük. İrqindən, dinindən, cinsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bir oldular, torpaqlarımız işğaldan azad edildi.
Təsadüfi deyil ki, ölkə başçımız bu qələbənin rəmzi ifadəsi kimi bütün toplumları iştirakı ilə Şuşada Xarıbülbül festivalını həyata keçirdi. Bu da bir daha Azərbaycanın gücünün onun birliyində, harmoniyasında olmasının göstəricisidir.
Qərb ölkələri daim mədəni müxtəliflik və multikultural dəyərlərdən danışsalar belə, həmin ölkələrdə bu istiqamətdə diskriminasiya tətbiq olunur, başqa xalqların mədəniyyətlərinə həqarətlə yanaşılır. Onlar məhz Azərbaycandan örnək götürməlidirlər. Baxmayaraq ki, Azərbaycan kiçik coğrafiyadır, amma çoxmillətli ölkədir və bütün dinlər, mədəniyyətlər harmoniyadadır. Buna görə də Qərb ölkələri Azərbaycandan örnək götürməlidir”.