Eynəkli uşaqların artma səbəbi telefonlardır? - HƏKİM ŞƏRH ETDİ

15 Oktyabr 2024 15:46 (UTC+04:00)

"Son zamanlar ekologiyanın pozulması, ekoloji tarazlığın pozulması səbəbindən, xüsusən də atmosferdən zərərli qazların artması səbəbindən bütün dünyada quru göz xəstəliyi müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasının müdiri, professor Paşa Qəlbinur deyib.

Həkim bildirib ki, quru göz, gözlərin quruması selikli qişada mayenin azalması səbəbindən yaranır: "Bununla da zərərli xəstəliklər inkişaf edir. Quru göz sindromu (Göz quruluğu), gözün ön hissəsini qoruyan və nəm saxlayan gözyaşı qatının azalması və ya qeyri-bərabər olmasıdır. Bu təbəqə gözlərimizi toz, külək və bəzi mikroorqanizmlər kimi xarici faktorlardan qoruyur. Gözümüzün önündə bir şüşə təbəqə kimi olan buynuz qişamız çox incə bir toxumaya malikdir. Bu təbəqənin sağlam və hamar olması önəmlidir.

Göz quruluğunun səbəbi həm ətrafdakı faktorlar, həm də xəstə ilə əlaqəli faktorlar ola bilər. Göz quruluğuna kompyuter kimi monitorların qarşısında uzun saat qalması və ya kontakt linzaların düzgün istifadə edilməməsi səbəb ola bilər. Bundan başqa, bəzi revmatik xəstəliklər göz quruluğuna səbəb ola bilər. Xəstənin bəzi xəstəliklər səbəbindən istifadə etdiyi dərmanlar da göz quruluğuna səbəb ola bilər.

Göz quruluğu olan xəstələri ən çox narahat edən şikayətlər; Yanma və batma hissi; Qızartı; Həddindən artıq yaşarma, yorğunluq hissi; Kontakt linza istifadə etmə zamanı narahatlıq hissidir.

Əlavə olaraq göz ağrısı, qaşınma və qızartı kimi şikayətlər rast gəlinə bilər. Xəstələrdə quru göz sindromu yaranarsa, əvvəlki fəaliyyətlərində çətinlik çəkə bilərlər. Məsələn, kompyuter qarşısında əvvəlki kimi rahat olmadıqlarından və ya gözlərin tez yorulduğundan şikayətlənirlər".

"Ancaq eynək taxmaq, yaxından, uzaqdan görmək quru gözlə bağlı deyil. Quru gözün özünün müalicəsi var ki, süni göz yaşları damızdırılır, həkim nəzarətində olur. Vaxtaşırı, 2-3 aydan bir həkimin nəzarətindən keçilməlidir. Ancaq eynək taxmaq istər uşaqlarda, istənilən yaşlı insanlarda refraksiya anomaliyalarına səbəb olur. Onun da xüsusi dərmanlarla, həm lazer şüalarla, həm də başqa üsullarla müalicə üsulları var. Hər bir xəstə ayrıca dünyadır. Onu müayinə etmək lazımdır. Müalicə, müayinə üsullarının hansına göstəriş varsa, onu da etmək lazımdır.

Göz, görmə orqanı çox vacib orqandır. Orada olan patologiyani vaxtında həkimə müraciət edəndə onun qarşısını almaq olur. Ona görə də heç vaxt səhlənkarlıq, tənbəllik etməyin. Gözünüzdə nəsə patoloji proses olanda, şikayətiniz olanda professional həkimlərə müraciət edin" - deyə o əlavə edib.