Azərbaycan İnvestisiya Holdinqi və Çinin "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. SİA bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar keçirilən tədbirdə nazir Mikayıl Cabbarov, Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanov və Çin şirkətinin Baş icraçı direktoru Hai Lan iştirak ediblər.
Tədbirdə 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verilib, sənəddə ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu qeyd edilib. Bildirilib ki, ölkəmizdə “ağıllı” texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq əlaqələri qurulub və mühüm layihələr icra edilir.
Bu gün telekommunikasiya texnologiyaları sahəsində ixtisaslaşan şirkətlə imzalanan sənədin icrası tərəflərin ağıllı infrastruktur, innovativ mexanizmlər və informasiya texnologiyaları istiqamətlərində əməkdaşlığını gücləndirməklə Azərbaycan və Çin arasında biznes tərəfdaşlığının təşviqinə və Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətlərinin qabaqcıl biznes təcrübələrini tətbiq etməsinə təkan verəcək.
"FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti 1999-cu ildən fəaliyyət göstərən Çinin nəhəng telekommunikasiya texnologiyaları şirkətlərindən, habelə dünyanın ən böyük fiber-optik kabel istehsalçılarından biridir. Şirkət optik ötürmə sistemləri, İP şəbəkələri, məlumat mərkəzləri və müasir şəbəkə infrastrukturu həlləri kimi sahələrin daxil olduğu geniş məhsul portfelinə sahibdir və dünyanın 90-dan çox ölkəsində məhsul və xidmətlərin satışını həyata keçirir.