Rusiya mənbələri oktyabrın əvvəlində Baxmut bölgəsində “Su-25” hücum təyyarəsinin pilotunun öldüyünü təsdiqləyib. Rusiya xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan “Dosye Şpiona” Telegram kanalı ölən pilotla bağlı foto və məlumat yayıb.
SİA-nın əldə etdiyi məlumata görə, həlak olan pilot polkovnik-leytenant İqor Yevgenieviç Qayvoronski olub. Rusiya Federasiyasının Krasnodar diyarının Primorsko-Axtarsk şəhərində yerləşən 960-cı Hücum Aviasiya Alayında (75387 saylı hərbi hissə) xidmət edib.
Mənbələr iddia edirlər ki, yüksək ehtimalla “Su-25” təyyarəsi “dost atəşi” nəticəsində, yəni, ehtimal ki, Rusiya hərbçiləri tərəfindən vurulub.
Xatırladaq ki, hadisə 2 oktyabr 2023-cü ildə Baxmut kəndi yaxınlığında baş verib.
Amma Rusiya Müdafiə Nazirliyindən bununla bağlı heç bir rəsmi şərh verilməyib.
Əli Babayev