"Müəllimlərin intihar etməsi halları ciddi şəkildə araşdırılmalı və səbəbləri anlaşılan şəkildə ictimaiyyətə çatdırılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.
O bildirib ki, tədqiqatlara əsasən intiharın əsas səbəbinin depressiya olduğu deyilir: "Amma depressiyadan əlavə ruhi və sağalmaz xəstəliklər, spirtli içki və narkotik vasitələrdən sui-istifadə, bipolyar affektiv pozuntu, təşviş pozuntuları, posttravmatik stress pozuntusu, şizofreniya kimi hallar da intihara meyillilik yaradır.
Müəllimlərin özlərinə qəsd etməsi və yaxud başqalarını öldürməsi halları da çoxalıb. Hadisələri araşdıranda məlum olur ki, intihar edənlərin əksəriyyəti maddi problemlər yaşayan, kredit borcları olan müəllimlərdir.
Müəllimlərin maddi durumu ilə bağlı sorğular aparılırmı, əgər aparılırsa, sorğuların nəticələri barədə məlumatlar haradadır?
İntiharların qarşısını almaq üçün ciddi sorğuların aparılması və sistemli dəyişikliklərə ehtiyac var. Qabaqcıl təhsil sistemlərinə malik ölkələrdə müəllimlərin dərs saatlarının necə paylanması və maddi vəziyyətinin necə yaxşılaşdırılması təcrübələri öyrənilməlidir. Azərbaycanda hansı təcrübələrdən istifadə oluna bilməsi araşdırılmalıdır.
Məktəb də, müəllim də cəmiyyətdən kənarda mövcud deyil. Əlbəttə ki, cəmiyyətdə baş verən müxtəlif proseslər, sosial problemlərin həll edilməməsi, əmək haqqının az olması, müəllimə də, məktəbə də öz təsirini göstərir. Devalvasiya istər müəllim, istərsə də digər sahələrdə çalışan insanlara, ailələrə birbaşa psixoloji təsir edən amillərdən biridir. Nəticədə insanlar yaranmış psixoloji gərginlik, sarsıntıdan çıxmağı başqalarına kobud şəkildə tətbiq etdikləri metodlarda görürlər. Buna görə də tez-tez eşidirik ki, orta məktəb direktorları adam öldürür, müəllimlər şagirdlərə aqressiv yanaşır, şagird döyülmələri baş verir.
Düşünürəm ki, dərs saatlarının ədalətli bölgüsü, psixoloji dəstəyin və maddi rifahın təmin edilməsi, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi müəllimlərin maddi-psixoloji vəziyyətini yaxşılaşdırar. Bu da müəllimlər arasında intihar hallarının qarşısının alınması istiqamətində ciddi addımlar ola bilər".