Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ADA universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçiriləcək. SİA xəbər verir ki, tədbir 16 oktyabr 2024-cü il tarixində ADA Universitetində keçiriləcək.
Dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, eləcə də tələbələrin iştirak edəcəyi konfrans çərçivəsində panel sessiya təşkil olunub. Panel sessiyada iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin kadr təyinatında gender balansının qorunması mövzularında müzakirələr ediləcək.