"“Gürcü arzusu” nə olacağını yaxşı görəcək, xalq bunu bağışlamayacaq" - Roman Qotsiridze

15 Oktyabr 2024 13:12 (UTC+04:00)

"Hakimiyyətin qəsb edildiyi halda, “Gürcü arzusu” nə olacağını yaxşı görəcək, xalq bunu bağışlamayacaq”. SİA Gürcüstan mediasına istinadən xəbər verir ki, bu fikirləri “Avrooptimistlərin” lideri Roman Qotsiridze bildirib.

Qotsiridzenin fikrincə, gürcü milləti düzəlməz səhvə yol verməməlidir: “Qərbdən, Avropa İttifaqından və ABŞ-dən gələn mesajlardan belə nəticəyə gəlmək olar ki, bu hökumət Rusiyanın müttəfiqidir, Belarusun avtoritar idarəetmə rejimini ölkədə tətbiq edir və hökuməti tərk etməlidir. Əgər bu hökumət öz hakimiyyətini saxlayarsa, Gürcüstanı maliyyə və iqtisadi baxımdan tam beynəlxalq təcrid gözləyir. Faktiki olaraq, ölkə xaricdən gələn bütün vəsaitləri - kreditləri, qrantları, yardımları, investisiyaları itirəcək. Ölkədə lari düşəcək, qiymətlər qalxacaq, ölkə boşalacaq. Bunu Qərb tərəfdaşlarımız bizə deyir və eyni zamanda, hələ də az sayda “Gürcü arzusu”nu dəstəkləyən o axmaq adamların gözünü açır. Gürcü milləti düzəlməz səhvə yol verməməlidir. Seçkilərin saxtalaşdırılması və hakimiyyətin qəsb edilməsi halında, “Gürcü arzusu”nun aqibəti necə olacaq, onlar bunu yaxşı görəcəklər, insanlar bunu bağışlamayacaq”.