Koreya Respublikası Azərbaycandakı tibb müəssisələrinin sığorta siyasəti üzrə bacarıqlarının artırılması layihəsi vasitəsilə Koreyanın səhiyyə təcrübəsini Azərbaycana ötürmək üçün səy göstərir. SİA xəbər verir ki, bunu Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Koreya hökuməti ilə birgə layihəsi çərçivəsində dövlət tibb müəssisələrinin tibbi avadanlıqlarla təchizatı məqsədilə keçirilən təhvil-təslim mərasimində çıxış edərkən deyib.
Səfir qeyd edib ki, bu layihə vasitəsilə Azərbaycanda səhiyyənin inkişafına töhfə verməyə ümid edir. Bildirib ki, Koreya Azərbaycanın sağlam gələcəyi üçün hər zaman onun yanında olacağına söz verir.