Beynəlxalq Futbol Federasiyası ( FİFA ) “Lokomotiv”in sabiq yarımmüdafiəçisi Lassane Diarra ilə bağlı məhkəməni uduzduqdan sonra açıqlama yayıb. SİA xəbər verir ki, FIFA-nın mətbuat xidmətinin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir:
“FIFA Oyunçuların Statusu və Köçürülməsi Qaydalarının (RSTP) 17-ci maddəsinə uyğunlaşmaq üçün əsas maraqlı tərəfləri cəlb etməklə transfer sistemi üzrə qlobal dialoqa başlayacaq. Bu bəyanat Avropa İttifaqının Ədalət Məhkəməsinin Diarra işi ilə bağlı qərarından sonra verilib və FİFA-nın transfer sistemini daha da təkmilləşdirməklə bağlı strateji hədəfinə uyğundur”.
Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Avropa İttifaqının Ədalət Məhkəməsi Moskvanın “Lokomotiv” klubunun sabiq yarımmüdafiəçisi Lassane Diarranın işi üzrə bu beynəlxalq təşkilatın bir sıra transfer qaydalarının Avropa İttifaqının qanunlarına zidd olduğunu tanıyaraq FİFA-ya qarşı qərar çıxarıb.
Diarra 2014-cü ildə “dəmiryolçular”la müqaviləni birtərəfli qaydada pozmuşdu. Nəticədə, yarımmüdafiəçiyə 10,5 milyon avro cərimə kəsilib. Bundan əlavə, 2015-ci ildə Diarra “Şarlerua” ilə müqavilə bağlaya bilməyib, çünki FİFA-nın transfer qaydaları daha əvvəl müqaviləsini pozan futbolçunun transferinə görə sanksiya tətbiq edib.