"Azərreyl"in qadın və kişilərdən ibarət komandaları Vətənə qayıdıblar

15 Oktyabr 2024 02:11 (UTC+04:00)

Fransanın Monpelye şəhərində keçirilmiş çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibi olan "Azərreyl"in qadın və kişilərdən ibarət komandaları Vətənə qayıdıblar. SİA xəbər verir ki, onları Azərbaycan Voleybol Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

16 klubun mübarizə apardığı turnirdə iştirak edən “Azərreyl”in qadın və kişilərdən ibarət komandaları bütün rəqiblərinə qalib gəliblər. Qadın voleybolçularımız qrup mərhələsində Avstriyanın “Bergstrand” və Sloveniyanın “BVC Ludus”, 1/4 finalda Türkiyənin “Spor Lisesi Ihtisas Kulübü”, yarımfinalda Macarıstanın “Edra Tata” klubuna qalib gələrək qələbə seriyasını finalda da davam etdiriblər.

Komanda həlledici mərhələdə Ukraynanın “Sunrise Beach Spors Academy” kollektivi ilə üz-üzə gəlib. Gərgin mübarizədən sonra rəqibini 15:12 hesabı ilə üstələyən təmsilçimiz Avropa Kubokunun qalibi olub.

Kişilərdən ibarət komandamız isə qrup mərhələsində Fransanın “Re Beach” və Sloveniyanın “BVC Ludus”, 1/4 finalda Ukraynanın “Sunrise Beach Sports Academy”, yarımfinalda Fransanın “Montpellier Beach Volley” komandasını məğlubiyyətə uğradaraq turniri birinciliklə başa vurub.