“Oktyabrın 14-də Rusiya qoşunları yenidən ballistik raketlərlə Odessanın liman infrastrukturuna hücum edib. Bir həlak olan, səkkiz yaralı var”.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirin ərazi bərpası üzrə müavini Aleksey Kuleba “Telegram” kanalında yazıb.
“Rusiya Federasiyası tərəfindən liman infrastrukturuna növbəti hücum: bir nəfər həlak olub, iki mülki gəmi zədələnib. Oktyabrın 14-də Rusiya Odessa limanını növbəti dəfə atəşə tutub. Hücum nəticəsində 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Hamısı mülki şəxslərdir”, - deyə Kuleba bildirib.
Bundan əlavə, Palau bayrağı altında üzən OPTIMA quru yük gəmisi artıq ikinci dəfədir zədələnir.
“Bir həftə əvvəl gəmi ballistik hücum nəticəsində artıq zədələnmişdi. O vaxt əcnəbilər - ekipaj üzvləri zərər çəkdi. Bu gün başqa bir gəmi - Beliz bayrağı altında “NS Moon” gəmisi zədələnib”, - deyə Baş nazirin müavini qeyd edib.
Hücum zamanı taxıl anbarına, yük kranlarına, anbarlara, avadanlıqlara, Dəniz Limanları Administrasiyasının filialının binalarına, avtomobillərə ziyan dəyib.
Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.
“Həkimlər bütün lazımi yardımı göstərirlər. Bütün yaralılar və həlak olan liman infrastrukturunun işçiləri, Ukrayna vətəndaşlarıdır”, - deyə Kiper vurğulayıb.