Vəliəhd BRİKS sammitində iştirak etməyəcək

14 Oktyabr 2024 19:23 (UTC+04:00)

...Kremlin neft bazarında əsas tərəfdaşı olan Səudiyyə Ərəbistanı ilə Rusiyanın münasibətlərində nəsə bir “axsama” müşahidə edilməkdədir..?

Belə ki, SİA-nın əldə etdiyi məlumata görə, Səudiyyə taxtının faktiki sahibi, vəliəhd şahzadə Məhəmməd bin Salman oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək dəvətini qəbul etməyib.

...Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabr ayında bəyan etmişdi ki, Kreml Bin Salmanı Rusiya tarixində “ən əhəmiyyətli xarici siyasət hadisəsi” adlandıran sammitdə görmək istəyir.

Lakin Ər-Riyad bundan imtina edib.

Sammitə Səudiyyə Ərəbistanı xarici işlər nazirini göndərəcək.

Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Uşakov şahzadənin qərarının səbəbini açıqlamayıb, lakin qeyd edib ki, Qərb ölkələri Rusiyanın “tərəfdaşlarına” təzyiq göstərir, Kazana səfər edəcəkləri təqdirdə nəticələrlə hədələyir.

Əli Babayev