NATO "Steadfast Noon" adlı illik nüvə təliminin bu gün başlayacağını açıqlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, NATO-nun yaydığı bəyanata görə, iki həftə davam edəcək təlimə 60-dan çox təyyarə qatılacaq.
Qərbi Avropa üzərində təlim uçuşlarının keçiriləcəyi təlimdə nüvə raketləri daşıya bilən ABŞ döyüş təyyarələri də iştirak edəcək. NATO-nun baş katibi Mark Rutte bu təlimin önəmini vurğulayaraq "Nüvə çəkindirmə müttəfiqlərin təhlükəsizliyinin təməl daşıdır. 'Steadfast Noon' təlimi Alyans üçün mühüm bir sınaqdır. Bu təlim, NATO-nun bütün müttəfiqləri qoruyacağına və müdafiə edəcəyinə dair hər bir düşmənə aydın mesaj verir," deyib.
Qeyd edək ki, NATO-nun nüvə təlimi hər il oktyabr ayında keçirilir. Bu ilki təlim çərçivəsində Belçika, Hollandiya, Danimarka, Böyük Britaniya və Şimal Dənizi üzərində uçuşlar həyata keçiriləcək.