Kosmik sənayenin inkişafı Azərbaycana yeni uğurlar gətirir TƏHLİL

14 Oktyabr 2024 16:21 (UTC+04:00)

Azərbaycanda bütün sahələrdə olduğu kimi informasiya-kommunikasiya texnologiyaları sahəsində də böyük və uğurlu nailiyyətlər əldə olunur. Bu da qeyri-neft sektorunun inkişafına və bu sahədə daha böyük uğurlara imza atılmasına imkanlar yaradır. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın mütləq dəstəyini qazanaraq Azərbaycan Prezidenti seçilən Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi varisi Cənab İlham Əliyev ölkəmizin bütün sahələrinə olduğu kimi informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına da xüsusi önəm verdi və bu sahənin inkişafı üçün dövlət proqramları, fərman və sərəncamlar imzaladı. Prezident İlham Əliyevin 2005-ci il 22 oktyabrında imzaladığı "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" fərmanı rabitə və informasiya texnologiyalarının geniş tətbiqinə yeni imkanlar açdı. Dövlət Proqramı ölkəmizin hər bir yerində rabitə və informasiya texnologiyalarının geniş yayılmasını təmin etmiş oldu. Azərbaycan Prezidentinin "Xüsusi iqtisadi zonaların yaradılması haqqında" 2007-ci il 6 mart tarixli Fərman isə İKT sektorunun inkişafına münbit zəmin yaratdı. Həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında ölkə başçısının məlum Sərəncamı Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi baxımından əhəmiyyətli rol oynadı. 2013-cü ildə "Azerspace-1" telekommunikasiya, 2014-ci ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peyki orbitə çıxarılıb. Azərbaycan Prezident İlham Əliyev 27 aprel 2021-ci il tarixində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Sənədə əsasən, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxs yaradılıb. Dünyanın, o cümlədən Azərbaycanın tanınmış mütəxəssislərinin birgə əməkdaşlığı ilə orbitə çıxarılan "Azərspase-1" telekommunikasiya peyki ölkəmizin dünyada mövqelərinin daha da möhkəmlənməsinə imkanlar yaratdı. Peyk üç rəngli Azərbaycan bayrağı ilə kosmosa gönərilmişdir. Bu, Azərbaycanın elmi-texniki və iqtisadi qüdrətinin təntənəsi idi. İstismar müddəti 15 il olan "Azərspase-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peyki informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi ilə yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Azərbaycan Prezidenti İlham Əliyev bu peykin fəaliyyətinin iqtisadi səmərəsi ilə bağlı demişdir: "Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin". Artıq uğur əldə edilib. 2014-cü ildən "Azərspace-1" peyki vasitəsilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Həmçinin tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması "Azerspace-1" peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də Livan, əfqan, ərəb bazarında fəaliyyət göstərməsinə şərait yaradıb. Hazırda "Azərspace-1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 120-dən artıq televiziya kanalı yayımlanır. "Azerspace-1" peyki regionda kifayət qədər tanınıb. "Azərspace -1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 121 televiziya kanalı yayımlanır. Ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayan Cənab İlham Əliyev yeni texnologiyaların tətbiqinin vacibliyini önə çəkərək bu gün Azərbaycanın artıq kosmik sənayeyə malik olan ölkə olduğunu vurğulayıb. "Azərspace -1" peykiin orbitə çıxarılmasının ardınca 2018-ci il sentyabrın 26-da Fransanın Qvianasında yerləşən Kuru kosmodromundan Azərbaycanın "Azerspace-2" peyki orbitə buraxılıb. Bu peyklərin çox böyük əhəmiyyəti var. Prezident İlham Əliyev "Azərspace 2" peykinin orbitə buraxılması münasibətilə xalqa təbrikində demişdir: "Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. "Azerspace 2" telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək".

"Azerspace-2" Azərbaycan iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcək

Azərbaycanın orbitə buraxılan üçüncü peyki "Azerspace-2"-nin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək. Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxlan peyk sentyabrın 26-na keçən gecə saat 2:38 radələrində orbitə qalxıb. "Azərkosmos" dan bilidilib ki, peykin dəyəri 190 milyon dollarıdır. Peykin Azərbaycan iqtisadiyyatına 400 milyon dolları gəlir gətirəcəyi proqnozlaşdırılır, qurum deyir."Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək.Yeni peyk birinci telekommunikasiya peyki - "Azerspace-1" peykinin orbitdəki ehtiyatı olacaq, qurumun məlumatında deyilir."Azərkosmos"dan bildirilib ki, dəyəri 233 milyon dolları olan və 5 ildir ki, fəaliyyət göstərən "Azerspace-1" peykinin gəlirlərinin 80 faizi, dəyəri 157 milyon avro olan "Azersky" peykinin gəlirlərinin 98 faizi xarici bazarlarda formalaşır: "Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. "Azerspace-2" peyki hələ orbitə buraxılmamış onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat" şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır".

ABŞ-ın peyk operatoru "İntelsat" şirkətinin orbitdəki 45 dərəcədəki mövqeyinə "Azerspace 2" peykinin buraxılmasına dair ilkin razılıq 2014-cü ildə əldə edilib.İntelsat 50-dən çox peyki ilə dünyanın ən böyük peyk operatorudur. "Arianspace" şirkəti 1980-ci ildən fəaliyyət göstərir. "Arianespace" dünyanın əksər ölkələrində mövcuddur: Fransada, Birləşmiş Ştatlarda, Yaponiyada və Sinqapurda şirkətin nümayəndəlikləri yerləşir. "Arianespace" kosmik aparatları Cənubi Amerikadan, ya da Mərkəzi Asiyadan orbitə göndərir. 3-cü peykimizin orbitdə istifadə müddəti "Azərspace-1" ilə müqayisədə 6 il çox olacaq. "Azərspace-2" Avropa, Mərkəzi və Cənubi-Qərbi,Asiya , Yaxın Şərq və tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq imkanı yaradacaq.

Azərbaycan kosmik sənayesi ölkəsinə çevrilir

Qazanılan uğurlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan dünyanın kosmik sənayesi ölkəsinə çevrilir. İnam və etimadın nəticəsi olaraq beynəlxalq təşkilatlar o cümlədən dünyanın aparıcı ölkələri bu istiqamət də Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilər. 2023-cü il oktyabrın 2-6 tarixlərində Bakıda Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tətəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi qeyd olunanlara misal ola bilər. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə iştirak etdi. Beynəlxalq Astronavtika Konqresində 150 şirkət sərgi pavilyonunda təmsil olunur. Sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-ın "Milli Aeronavtika və Kosmos Administrasiyası" (NASA), Yaponiyanın "JAXA" kosmik agentliyi, İtaliyanın "Agenzia Speziale Italiana" kosmik agentliyi, "AIRBUS" şirkəti, Kanadanın innovasiya mərkəzi "INO", Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi "CNES", Hindistanın kosmik agentliyi "ISRO", Türkiyənin "Türkiye Uzay Ajansı" kosmik agentliyi və digər beynəlxalq şirkətlər iştirak edirdi.74-cü Beynəlxalq Astronavtika Konqresinin gündəliyi zəngin oldu: 5 gün ərzində 423 interaktiv təqdimat, 168 texniki, 7 plenar sessiya və 20 qlobal netvörkinq forumu keçirildi.Tədbirlərdə kosmosun tədqiqi, kosmosa əsaslanan naviqasiya sistemləri, xidmətləri və tətbiqlərində irəliləyişlər, Yerin müşahidəsi üzrə beynəlxalq əməkdaşlıq kimi bir çox trend mövzularda müzakirələr aparıldı. Bundan başqa ilk dəfə olaraq Bakı Konqresində ABŞ və Afrikadan olan nümayəndələrlə dəyirmi masalar keçirilməsinə nail olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində bildirib ki, Bakıda keçirilən Konqres Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcəkdir: "Müasirləşmənin Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdiyini vurğulayan dövlətimizin başçısı bildirib. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib".

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri açılış mərasimində qeyd edib ki, konqres kosmik ictimaiyyətin nümayəndələri üçün unikal bir hadisədir. Onlar öz təcrübələrini paylaşmaq, həmkarları ilə görüşmək, yeni əlaqələr yaratmaq üçün yalnız ilin bu vaxtı bir araya gələ bilirlər.

Beynəlxalq kosmik icma adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə edilən sürpriz onun bu tədbirin təşkilinə birbaşa və böyük dəstəyinə minnətdarlığın ifadəsi idi. Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevlə birgə 1973-cü il Bakı Konqresində çəkilmiş fotoşəkili kosmik stansiyaya göndərilib. Yerə qaytarılmış tarixi foto 24-cü konqresin digər 4 atributu ilə birlikdə Prezident İlham Əliyevə təqdim olundu.

Bakı Konqresində "Space X" şirkətinin təsisçisi İlon Mask onlayn formada çıxış etdi. İ.Mask onlayn çıxışı zamanı "SpaceX"in kosmik fəaliyyəti barədə sualları cavablandırdı, hazırda icrası davam edən layihələrinin təfərrüatlarını bölüşdü. O qeyd etdi ki, "Starship" kosmik gəmisi və "SpaceX"in "Starship" adlanan super ağır raketi ekipajı, həmçinin yükləri Yer orbitinə, Aya, Marsa və ondan kənara daşımaq üçün nəzərdə tutulmuş tamamilə təkrar istifadə edilə bilən nəqliyyat sistemidir. "Starship" dünyanın indiyə qədər hazırlanmış ən güclü buraxılış aparatıdır, 150 metrik tona qədər tamamilə təkrar istifadə edilə bilən və 250 metrik tona qədər sərf edilə bilən yük daşıya bilir. İ.Maskın sözlərinə görə, "Starship" gəmisi 3-4 ildən sonra Marsa maneəsiz enə, həmçinin kosmik laboratoriya kimi istifadə oluna bilər. Onun kosmosda istənilən müddətdə qalması mümkündür.

Görülən möhtəşəm işlər, həyata keçilən uğurlu siyasət onu təsdiq edir ki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz İlham Əliyevin böyük bacarığı, müdrik fəaliyyəti ilə davam etdirilən siyasət Azərbaycan dövlətinə və xalqına yalnız qələbələr və zəfərlər gətirir. Bu qələbələrin davamlı olacağı şübhəsizdir. Çünki nə qədər Azərbaycan dövləti və xalqı var, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu xoşbəxtlik və firavanlıq rəmzi olan siyasət daim var olacaq.

İLHAM ƏLİYEV