İndiki Ermənistan ərazisində yaşayan ermənilər yalan tarix uydurmağa, saxtakarcasına dünya insanlarını qandırmağa, dolandırmağa davam edirlər. Yalan millət, yalan torpaqlar, yalan dövlət, yalançı tarix bəstələyən ermənilər İrəvanın 2806 illiyini qeyd edərkən də kimsədən utanmayıblar, başqa xalqın tarixi üzərində özlərinin milli kimliklərini, pasportlarını formalaşdırmağa çalışırlar. Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə 2018-ci ilə qədər lideri olduğu “Yelk” blokunun 2016-cı ildə qeydə alınmış seçkiqabağı videosunu yayıb. Bunun üzərinə gələcək baş nazir və onun tərəfdaşları “Erebuni-Yerevan” mahnısını oxuyurlar. O vaxtdan bəri Paşinyanın ən azı bir arzusu gerçəkləşib - o, hakimiyyətə gəlib. İndi Ermənistanın baş naziri “Dünyanın kəsişməsi” arzusundadır, lakin onu qurmaq daha çətin olacaq. Onun iddiası budur ki, Şərqlə Qərb, Şimalla Cənub kommunikasiyaları, nəqliyyat dəhlizləri Ermənistanın keçilməz dağlarında, dar cığırlarında kəsişsin. Əlbəttə, hər kəsin Tanrıdan bir arzu, bir niyyət istəməsi onun haqqıdır. Amma gərək elə şeylər istəyəsən ki, uca Tanrının da buna gücü yetsin…
Paşinyan Fransanın ABŞ-dan göndərilən sifarişin Ermənistanda, daha doğrusu Zəngəzurda həyata keçirilməsini təmin etməyə söz vermiş, öhdəlik götürmüş marionet erməni liderdir. Qərb ona bu iş üçün kifayət qədər para da verib. Hətta 26 oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkilərindən sonra ehtimal olunanları da nəzərə alsaq, ABŞ və Avropa İttifaqı Orta Dəhlizin keçəcəyi yolda Ermənistan-Gürcüstan kəməri yaratmaq istəyir. Qərb Azərbaycan neft və qazının, dəmir yolu xəttinin keçdiyi Gürcüstanda nəzarəti ələ keçirməklə, parallel olaraq Azərbaycan və Türkiyəni seytnota salacağını düşünür. Əgər bu baş verərsə Şimal-Cənub Dəhlizi Azərbaycandan yox, Ermənistandan keçə bilər. Erməni baş naziri iştaha gətirən, onun “Dünyanın kəsişməsi” sərsəmləməsinin arxasında duran fikir də budur.
Görün Paşinyan nə deyir: “Əslində, Ermənistan sərhədlərinin 70 faizində və ya daha çoxunda bizim stasionar vəziyyətimiz var, yəni sərhədlərimiz mal axınını təmin etməyə xidmət etmir. “Dünyanın kəsişməsi” layihəsinin məqsədi ondan ibarətdir ki, Ermənistan öz ərazilərini təmin etsin və geniş iqtisadi fəaliyyətə xidmət etmək baxımından öz töhfəsini versin”. Eyni zamanda Ermənistan lideri bildirib ki, Azərbaycan bu layihənin həyata keçirilməsində ölkəsinə kömək etmək niyyətində deyil, çünki İrəvanın on milyardlarla gəlir əldə edə biləcəyindən narahatdır. Bakının nöqteyi-nəzərindən bu pul Ermənistan ordusunu gücləndirmək üçün istifadə oluna bilər. “Deyə bilərəm ki, Ermənistanın Azərbaycana və ümumilikdə region ölkələrinə qarşı heç bir təcavüzkar niyyəti yoxdur. Biz bütün qonşu dövlətlərimizin ərazi bütövlüyünü tanıyırıq və de-yure öhdəliklər götürməyə hazırıq. Bundan başqa, Ermənistan bəyan edib ki, hətta işğal olunmuş ərazilərini geri qaytarmaq üçün belə, qarşısına hərbi yolla geri qaytarmaq vəzifəsi qoymur, ona görə də demarkasiya prosesi zamanı Azərbaycanla imzaladığımız sənəd demarkasiya prosesinin hüquqi, hüquqi əsaslarla həyata keçirilməsi üçün hər cür imkan yaradır” , Paşinyan vurğulayıb. Lakin baş nazirin sözlərinə görə, hazırda Bakı Ermənistanın yollarından özü üçün istifadə etmək istəyir, blokadanı götürmək istəmir.
Eyni zamanda Paşinyan əmin edib ki, İran və Gürcüstan onun layihəsini dəstəkləyir və müxtəlif səbəblərdən Türkiyənin mövqeləri erməni mövqeləri ilə üst-üstə düşə bilər. “Rusiya üçün tranzit marşrutlarının həm iqtisadi, həm də siyasi əhəmiyyəti var. Əgər Moskva yük axınlarının idarə olunmasına müəyyən təsir göstərməkdə davam edərsə, bu, onun üçün məqbul ola bilər”, - Paşinyan əlavə edib.
Bakının reaksiyası özünü çox gözlətməyib. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Paşinyan “reallığı təhrif etməyə” çalışır. “Azərbaycanın ərazi bütövlüyünü şifahi olaraq tanıdığını bəyan edən Ermənistan tərəfinin Azərbaycan ərazisində qanunsuz rejimin təbliğatını apardığını və Ermənistanın baş nazirinin 2023-cü il sentyabrın 2-də separatçı rejimi qondarma müstəqillik münasibəti ilə təbrik etdiyini heç kim unutmayıb”. Bununla paralel olaraq Azərbaycanın müdafiə naziri Zakir Həsənov rəsmi müşavirə keçirərək Ermənistanla sərhəddə “bütün mümkün təxribatlara qarşı” tapşırıqlar verib. Azərbaycan mətbuatının yazdığına görə, nazir “qoşunların döyüş effektivliyinin yüksək səviyyədə saxlanılması, sayıqlığın artırılması, o cümlədən şərti sərhəddə revanşist qüvvələrin bütün mümkün təxribatlarına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə hazır olmaq üçün konkret tapşırıqlar verib”.
Azərbaycanlı politoloq İlqar Vəlizadənin fikrincə, Bakı “Dünyanın qovşağı”nda iştirak etməyə hazırdır, lakin bunun üçün Ermənistan ilk növbədə öz öhdəliklərini yerinə yetirməlidir, o cümlədən Zəngəzur dəhlizinin blokunu açmalıdır. “Bu, həyata keçirilən kimi Azərbaycan öz nəqliyyat kommunikasiyalarını Ermənistana açacaq. O vaxta qədər nəinki Bakı, heç Ankara da layihədə iştirak etməyəcək”, - Vəlizadə əmindir.
Öz növbəsində, MDB Ölkələri İnstitutunun Ermənistan bölməsinin rəhbəri Aleksandr Markarov hesab edir ki, “Dünyanın kəsişməsi” yalnız Türkiyə və Azərbaycan İrəvandan blokadanı götürəcəyi təqdirdə tam fəaliyyət göstərə bilər. Buna baxmayaraq, Ermənistan hakimiyyəti respublikanı Gürcüstan və İranla birləşdirən infrastrukturun təkmilləşdirilməsini davam etdirir. “Kommunikasiyaların açılması Ermənistandan yox, Azərbaycandan asılıdır. Hələlik “Dünyanın kəsişməsi” niyyət bəyannaməsi olaraq qalır. Buna baxmayaraq, Paşinyan hökuməti bu layihəyə böyük ümidlər bəsləyir. Hakimiyyət bütün beynəlxalq görüşlərdə də bunu qeyd edir. İrəvan regionun dinc və davamlı inkişafı üçün model təklif edir”, - deyə Markarov bildirib.
Əlbəttə, Ermənistanın iqtisadi, maliyyə imkanları ilə “Dünyanın kəsişməsi”ni inşa etmək mümkün deyil, bunu onun əvəzinə Fransa avropalıların cibinin pulu ilə etmək istəyir. Məqsəd birdir, hər iki dəhlizdə lövbərlənmək.
V.VƏLİYEV