"Azərbaycan MDB-nin bütün strukturlarında ən fəal və fasiləsiz iştirak edən ölkələrdən biridir, bəlkə də birincisidir. MDB-nin əlbəttə Ermənistan kimi ölkələrlə müqayisədə Azərbaycanın bu struktur daxilindəki fəaliyyəti tam başqa meyarlarla, prinsiplərlə qiymətləndirilməlidir. Çünki bəzi başqa ölkələr MDB daxilindəki öz fəaliyyətlərinə MDB-nin imkanlarından bəhrələnmək, MDB-nin imkanları hesabına öz mövqelərini daha da yaxşılaşdırmaq, fürsət düşdükcə başqa inteqrasiya modelləri ilə də əməkdaşlıq üçün fürsətlər axtarmağa söykənirsə, amma Azərbaycanın bu birlikdə fəaliyyəti təkcə öz maraqları ilə ölçülmür. Çünki Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlardakı digər üzvlərin də kollektiv maraqlarına həmişə hörmətlə yanaşmağı bacaran bir ölkə olub və buna görə də Azərbaycan təkcə MDB-də öz mövqelərini gücləndirmək yox, eyni zamanda MDB-nin strukturlarının daha səmərəli və işgüzar fəaliyyət göstərməsi, daha da təkmilləşdirilməsi üçün öz qatqılarını da verməyə cəhd göstərən bir ölkədir". Bu sözləri SİA-ya açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Aydın Quliyev sözlərinə belə davam edib: "Bu nöqteyi-nəzərdən MDB dövlət başçılarının Moskvada sonuncu görüşündə Azərbaycan Prezidentinin iştirakı məzmunlu bir hadisədir. Bu sadəcə olaraq MDB-nin sammitlərinin birində iştirak faktı kimi nəzərdən keçirilməməlidir. Ona görə ki, burada qarşıdakı müəyyən bir dövr üçün edilməsi vacib olan işlərlə bağlı aparılan müzakirələrdə Azərbaycan çox aktiv şəkildə iştirak etdi, xüsusilə də yaxın tariximizin öyrənilməsi, faşizmin qəhrəmanlaşdırılması kimi cinayətlərə qarşı mübarizədə çox önəmli rol oynaya biləcək Böyük Vətən Müharibəsində, 2-ci dünya müharibəsində qələbənin 80 illiyi ilə bağlı tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün tədbirlərlə əlaqədar aparılan müzakirələr qeyd olunmalıdır.
Azərbaycan heç təsadüfi deyil ki bu tədbirlərin ən yüksək səviyyədə keçirilməsi üçün özündən asılı olan hər şeyi ortaya qoyan bir dövlət kimi çıxış edib. Bundan başqa MDB ölkələri məkanında sabitliyin qorunması, müxtəlif sahələr üzrə təhlükəsizlik addımlarının, sxemlərinin daha da möhkəmləndirilməsi, MDB daxilində iqtisadi inteqrasiyanın gücləndirilməsi, ticarət-iqtisadi münasibətlərinin gücləndirilməsi və MDB ölkələrinin əməkdaşlığı üçün indiyə qədər potensial olaraq qalan imkanların üzə çıxarılması üçün əlbəttə Azərbaycanın mövqeyini bu dəfə də gördük.
Azərbaycan Prezidentinin MDB Dövlət başçılarının görüşündəki çıxışının müəyyən istiqamətlər baxımından təhlili də göstərir ki, toxunulan məsələlər həm MDB çərçivəsində indiyə qədər görülən işlərin yekunlaşdırılması baxımından əhəmiyyətlidir, həm də MDB dövlətləri qarşısında dayanan növbəti mərhələ üçün kollektiv hədəflərin müəyyənləşdirilməsində olduqca praktik və təsirli görsənir. Ona görə də Azərbaycan kimi dövlətlərin MDB-də fəaliyyəti bu qurumun daha da möhkəmləndirilməsinə xidmət edir, bu qurumun həqiqətən təmsil etdiyi regionda ölkələr arasında daha sağlam münasibətlərin qurulmasına xidmət etdiyini sübut edir. Amma əlbəttə ki Ermənistan kimi ölkələrin bu birlik daxilində hələ də davakar siyasəti və sülhə gəlməməsi MDB-nin bütün potensial imkanlarının üzə çıxarılmasına mane olan amildir.
Fikrimcə, Azərbaycan Prezidentinin MDB-də sülh sazişinin imzalanması, bölgədə sülhün təmin olunması ilə bağlı səsləndirdiyi bəyanatlar ölkənin həm sülhsevər siyasətinin təqdimatı baxımından əhəmiyyətlidir, həm də bu bölgədə Azərbaycanın sülh naminə, təhlükəsizlik naminə atdığı addımların bütün MDB təhlükəsizlik sistemi üçün nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi".
Ayşən Vəli