Sabah Bakıda Xəzər İnşaat Həftəsi işinə başlayacaq. SİA xəbər verir ki, 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri, eləcə də, bu tədbirlərlə yanaşı 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutacaqdır. Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirir.
Sərgilər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğdaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Azərbaycan Memarlar İttifaqı tərəfindən dəstəklənir.
Hazırda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 370-dən artıq şirkət yer almaqdadır.
Tədbirin təşkilatçıları “Caspian Event Organisers”, “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir.
Ətraflı məlumatı sərgilərə aid sosial şəbəkə hesablarından və rəsmi internet saytlarından əldə etmək mümkündür: www.rebuildkarabakh.az, www.bakubuild.az, www.aquatherm.az və www.roadtraffic.az.