Filarmoniyada konsert olub

13 Oktyabr 2024 22:04 (UTC+04:00)

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində baş tutan Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsertində klassik və müasir əsərlər səsləndirilib.

SİA xəbər verir ki, ənənəyə uyğun olaraq bədii rəhbər və baş dirijor, Azərbaycanın xalq artisti Fəxrəddin Kərimov dinləyicilər üçün qeyri-adi konsert proqramı hazırlayıb.

Proqrama avstriyalı bəstəkar və orqan ifaçısı Anton Brukner, Azərbaycan bəstəkarı Xədicə Zeynalovanın tanınmış əsərləri, eləcə də Azərbaycan səhnəsində ilk dəfə səslənən İsveç xalq melodiyaları, Norveç xalq mahnısı mövzusunda variasiyalar, Norveç bəstəkarı və dirijoru Yuhan Svensen və macar bəstəkarı Dyula Belijayın əsərləri daxil edilib. Konsertin parlaq məqamlarından biri də Azərbaycanın Əməkdar artisti, violonçel ifaçısı Aleksey Miltıxın çıxışı olub.

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov və Qara Qarayevin təşəbbüsü ilə yaradılıb.

Dövlət layihələri çərçivəsində orkestr Səlim Akçıl (Türkiyə), Hakan Şensoy (Türkiyə), Simon Kamartin (İsveçrə), Fabyen Teerikson (Fransa), Vladimir Runçak (Ukrayna), Rikkardo Averbax (ABŞ), Vladislav Bulaxov (Rusiya), Roland Frayzitzer (Avstriya), Aleksandr İvaşkin (Böyük Britaniya) kimi bir çox xarici dirijorla çıxış edib.

2007-ci ildə orkestr Azərbaycan klassik musiqisinin dünyada təbliğinə görə “Humay” mükafatına layiq görülüb.