“Bu gün Gürcüstan parlament seçkilərinə hazırlaşır. İnsanları maraqlandıran məsələlərdən biri də hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə Gürcüstanın qonşu ölkələrlə münasibətinin necə olacağıdır. Düşünürəm ki, Gürcüstanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq qonşu ölkələrlə, xüsusən də Azərbaycanla münasibətlər dəyişməyəcək”.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri müsahibəsində gürcü politoloq, Suxumi Dövlət Universitetinin professoru Zurab Papaskiri söyləyib.
O deyib ki, Gürcüstan-Azərbaycan dostluq münasibətlərinin qədim tarixi var. Bu gün iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi mövqeyindən asılı olmayaraq Gürcüstanda hakimiyyətə kim gəlsə bu münasibətlərə xələl gətirə bilməz. Buna gürcü xalqı imkan verməz.
"Azərbaycan bizim yaxın qonşumuz, strateji tərəfdaşımızdır. Bizim xalqlarımız arasındakı əlaqələr qardaşlıq münasibətləri səviyyəsinə yüksəlib. Bunu heç kim poza bilməz" - deyə politoloq vurğulayıb.
Gürcüstanda gedən proseslərdə bu ölkədə yaşayan azərbaycanlıların roluna toxunan Z.Papaskiri deyib: “Azərbaycanlılar Gürcüstan vətəndaşları kimi ölkəmizin suverenliyi, müstəqilliyi və azadlığı uğrunda mübarizədə canlarından keçiblər. Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında mühüm rol oynayırlar. Onlar həm də Azərbaycan dövləti ilə münasibətlərin möhkəmləndirilməsində körpü rolunu oynayırlar. Bu gün Gürcüstanı azərbaycanlılarsız təsəvvür etmək mümkün deyil”.