Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatına start verilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 35 ölkədən 327 idmançının iştirak etdiyi yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.
Ruslan Qədirov (60 kiloqram) 1/16 final çərçivəsində Georgios Georqantsasla (Yunanıstan) üz-üzə gəlib. Hər 3 raundda üstün olan boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Stefan Samoviçlə (Serbiya) döyüşəcək.
Qədirovun uğurunu İlqar Salahov davam etdirib. 67 kiloqramda mübarizə aparan yığma üzvü xorvatiyalı Qoran Mioçiçə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Salahov 1/8 finalda Safi Abo Şabanla (İsrail) münasibətinə aydınlıq gətirəcək.
Hər 2 boksçumuz ikinci qarşılaşmasına oktyabrın 13-də çıxacaq.
Azərbaycan çempionata 13 boksçu ilə yollanıb.