Ehtiyac olduğunda həyatımızı xilas edən yapışqanların tarixi olduqca qədimlərə gedib çıxır. Elmi araşdırmalar göstərir ki, təxminən 6 min ildir müxtəlif təbii materiallardan hazırlanmış yapışqanlar bəşəriyyət tarixində mühüm yer tutur. Texnologiyanın inkişafı ilə hər keçən gün daha da təkmilləşdirilən yapışqanlar indi sintetik maddələrdən istehsal olunur. Bu gün istifadə edilən super yapışqanın tarixi isə çox da uzaq deyil, yalnız 80 illikdir.
İl 1942. Əsasən Avropa qitəsi və Sakit Okean olmaqla İkinci Dünya Müharibəsi bütün şiddəti ilə sürürdü. O dövrdə Amerika Birləşmiş Ştatlarındakı demək olar ki, bütün fabriklər hərbi sənaye sahəsinə yönəlmiş, Amerika və müttəfiqləri üçün var gücü ilə hərbi avadanlıqlar istehsal edirdi. Bu şirkətlərdən birində çalışan kimyaçı Harri Uesley Kuverin isə tək bir məqsədi var idi: müharibə meydanındakı əsgərlərə daha dəqiq görüntü təmin etmək üçün daşınması asan, plastik materialdan durbin və nişangah hazırlamaq. Onun araşdırmaları heç gözləmədiyi halda bütün dünyaya adını tanıdacaq bir məhsulla nəticələndi: super yapışqan.
Tədqiqatlar zamanı sonradan adını Siyanoakrilat olaraq təyin etdiyi yeni bir kimyəvi maddə kəşf edən H.U.Kuver bu maddə ilə durbin və nişangah hazırlamaq üçün çox səy göstərdi. Lakin maddə çox yapışqan idi və tez quruyurdu. Araşdırmalarının istədiyi nəticəni verməməsi onu çox məyus etdi və əsəbiləşdirdi. Bu yapışqan maddəni bir kənara qoydu və onu 10 il boyunca unutdu, reaktiv mühərrikli döyüş təyyarələrinin pilot kabiniylə bağlı yeni bir layihəyə başlayana qədər.
Kuver reaktiv döyüş təyyarələrinin pilot bölməsini örtən və “kanopi” adlanan qapağın təyyarə gövdəsinə möhkəm yapışması və küləkdən təsirlənməməsi üçün dayanıqlı bir plastik növünə ehtiyac duydu və fikrinə 10 ildir iş ofisində bir rəfdə gözləyən köhnə maddə gəldi. Havadakı rütubətin təsiri ilə təmas etdiyi hər şeyə yapışan bu maddə təəssüf ki, bu iş üçün də uyğun deyildi. Lakin Kuver bu dəfə onu bir kənara atmaq əvəzinə güclü bir yapışqan olaraq istifadə edilə biləcəyini təsadüfən də olsa başa düşdü. Amerikalı ixtiraçı 1956-cı ildə inkişaf etdirdiyi super yapışqanın patentini aldı və onu 1958-ci ildə “Eastman 910” adı ilə bazara çıxardı. Bu ad istehlakçıları maraqlandırmadığı üçün adını “super yapışqan” olaraq dəyişdi və satışlar bir anda yüksəldi.
Təsadüfi kəşf amerikalı ixtiraçı Harri Uesley Kuverə böyük bir sərvət gətirmədi, çünki super yapışqan dünyaya yayılmağa başladıqda onun aldığı patentin müddəti dolmuşdu. Buna görə də bir çox şirkət tərəfindən müxtəlif adlar altında istehsal olunmağa başladı. Məsələn, Türkiyədə Yaponiya ilə heç bir əlaqəsi olmamasına baxmayaraq, xalq arasında “yapon yapışqanı” adı ilə tanınan bu super yapışqanlarla plastik, şüşə, keramika, metal, taxta, dəri və ya rezin kimi materialları qısa müddətdə yapışdırmaq mümkündür. Buna görə də bu gün super yapışqanlar həm praktik, həm də qənaətli olduğu üçün dünyada bir çox fərqli sahədə geniş istifadə olunur.