Dövlətlər səviyyəsində xüsusi siyasi kurs olaraq qəbul olunan tolerantlığın artıq bəşəri dəyərə çevrilməsi heç də təsadüfi deyil. Ona görə təsadüfi deyil ki, müxtəlif millətlər, xalqlar, etnoslar, fərqli mədəniyyətə, ayrı-ayrı dini inanclara, adət-ənənələrə malik insanların sülh şəraitində, birgə yaşayışı məhz tolerantlıq sayəsində mümkündür və bu baxımdan da tolerantlıq artıq bəşəri dəyər olaraq qəbul edilməkdədir.
Birgəyaşayışın, sülhün, əmin-amanlığın qarantı, təminatçısı elə məhz tolerantlıqdır. Tolerantlıq bəşəriyyət üçün ən dəyərli sayılan insanın, insan həyatının təhlükəsizliyi üçün ən vacib bəşəri dəyərdir. Ona görə də hal-hazırda tolerantlıq bütün dünyada olduqca əhəmiyyətli sayılır. Bütün dünya ölkələrində tolerantlığa olduqca önəm verilməlidir. Xüsusən də coğrafi baxımdan bir çox xalqların, millətlərin, etnosların, müxtəlif dini inanclara, fərqli adət-ənənələrə sahib insanların məskunlaşdıqları ərazilərdə mövcud olan dövlətlərdə tolerantlıq ən vacib dəyər olaraq qəbul edilməlidir. Əks halda, bütün dünyada bir-birinin ardınca, hətta eyni vaxtda qarşıdurmalar yarana, millətlər, xalqlar, ayrı-ayrı mədəniyyətə, dini inanclara, adət-ənənələrə sahib insanlar sülh şəraitində, birgə yaşaya bilməzlər və toqquşmaların, münaqişələrin də sayı-hesabı olmaz. Həmin münaqişələrin qarşının alınması da müşkülə çevrilər və bütün dünyanı xaos, hərcmərclik bürüyər. Bir sözlə, dini qarşıdurma və müxtəlifliyə qarşı dözümsüzlük hallarının, eləcə də bütövlükdə dünyanı bürüyə bilən sosial gərginliklərin ortaya çıxması riski, sözsüz ki, tolerantlığı təbii şəkildə gündəmə gətirir. Yəni, dini dözümlülüyün, birgəyaşayışın və sülhün qarantı olan dini və milli tolerantlıq olduqca vacib hesab olunur, hətta insanların əmin-amanlıq şəraitində yaşaması üçün əsas prioritetlərdən sayılır. Çünki, müxtəlif millətlərin nümayəndələrinin və müxtəlif dini inanclara, adət-ənənələrə sahib olan insanların qarşılıqlı anlaşma və qarşılıqlı hörmət şəraitində yaşaması məhz bəşəri dəyər hesab olunan toleranlıq ənənələrindən bilavasitə asılıdır. Deməli, tolerantlığın bəşəri dəyər olaraq qəbul edilməsi bu baxımdan başadüşüləndir.
Azərbaycan bütün dünya ölkələri üçün tolerantlıq ənənəsinə görə də nümunə sayıla bilər. Çünki bir çox ölkələrdə son dövrlərdə tolerantlıq kimi bir bəşəri dəyər formalaşdığı halda, Azərbaycanda həmin bəşəri dəyər ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün ictimai formasiyalarda, bütün dövrlərdə mövcud olub. Tarixə nəzər saldıqda görürük ki, bütün dövrlərdə dini və milli dözümlülük, tolerantlıq Azərbaycanda çox yüksək səviyyədə gözlənilib və bu bəşəri dəyər günümüzə qədər qorunub saxlanılıb. Bütün dünya xalqlarına da bəllidir ki, ölkəmizdə dərin köklərə malik olan tolerantlıq ənənəsi xalqımızın xarakterik cəhətlərindəndir və tolerantlıq Azərbaycanda həm bütövlükdə cəmiyyətdə, həm də hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində, eləcə də həyat tərzində ehtiva olunan önəmli bir dəyər olaraq qəbul olunmaqdadır.
Ölkəmiz elə bir coğrafiyada yerləşir ki, müxtəlif millətlər, xalqlar, etnoslar, fərqli dini inanclara, fərqli adət-ənənələrə mənsub insanlarla xalqımız hər zaman birgə yaşamalı olub. Əsasən İslam dini inancına sahib insanların, müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycan bir müsəlman ölkəsi olaraq qəbul edilməkdədir, amma ölkəmizdə tarix boyu təkcə müsəlmanlar yaşamayıblar. Tarix boyu Azərbaycanda xristianlar, yəhudilər, hətta büdpərəstlər belə yaşayıblar və onların fərqli inancları olduğu kimi, fərqli ənənələri, fərqli dünyagörüşü də olub. Bununla belə heç zaman, heç bircə dəfə də olsa, dini və etnik zəmində hansısa qarşıdurma və toqquşma müşahidə edilməyib. Ona görə toqquşma müşahidə edilməyib, ona görə qarşıdurma olmayıb ki, Azərbaycan xalqı hər zaman dini dözümlülük nümayiş etdirib və öz ərazisində məskunlaşan müxtəlif dini mənsubiyyətli insanlarla dostluq şəraitində yaşayıb, fərqli adət-ənənələrə, fərqli mədəniyyətə mənsub olanların ənənələrinə də, dünyagörüşünə də hörmətlə yanaşıb. Çünki bəşəri dəyər olaraq qəbul edilən tolerantlıq xalqımızın xarakterik cəhətlərindəndir və Azərbaycanda bu bəşəri dəyər tarix boyu təkcə cəmiyyətdə deyil, həm də hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində, həmçinin həyat tərzində vacib dəyər olaraq qəbul edilib.
Hələ lap qədim zamanlardan bu günə qədər müxtəlif mədəniyyətlərin nümayəndələrinin, fərqli dini inanclara, adət-ənənələrə, fərqli düyagörüşünə mənsub insanların yaşadığı coğrafiyada olan Azərbaycanın məhz müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkə olaraq tanınması heç də təsadüfi, yaxud da əbəs yerə deyil. Ona görə ki, ayrı-ayrı etiqad və inanclara malik etnosların min illər boyunca ölkəmizdə əmin-amanlıq şəraitində yaşaması, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanması bütün dünya ictimaiyyətinə lap əvvəldən də bəllidir. O da bəllidir ki, bizə məxsus olan tolerantlıq, əlbəttə, xalqımıza xas olan humanizmdən, eləcə də başqalarının inanclarına, ali dəyərlərinə hörmət prinsplərindən qaynaqlanır. Yəqin, bütün dünya ictimaiyyəti onu da bilir ki, xalqımızın bu qədər dərin tarixi kökləri olan tolerantlıq ənənələri Azərbaycanda islami dəyərlərin qorunub saxlanması ilə zaman keçdikcə daha da zənginləşib, daha da möhkəmlənibdir. Bu gün ölkəmizdə xalqımıza məxsus və tarixən mövcud olan tolerantlıq bəşəri dəyər olaraq qəbul edilməkdədir.
Azərbaycanda vətəndaşlar, insanlar dini inanclarına, etiqadlarına, məzhəblərinə görə qətiyyən bir-birindən fərqləndirilmirlər və hətta bu məsələlər müvafiq qanunvericilik çərçivəsində də belə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı ilə bağlı müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə əlaqədar qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların qeydiyyata alınması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Etnik dini tolerantlığın bütün dünyada mütərəqqi demokratik dəyərlərdən biri kimi qəbul edildiyi bir zamanda bu tolerantlıq forması Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Azərbaycan Respublikası bu gün çoxmillətli və çox konfessiyalı dövlət kimi dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir və bu siyasətin məntiqi nəticəsi olaraq hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər. “Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür”, deyən Ulu Öndər Heydər Əliyevin məhz xalqımızın tolerantlıq ənənələrini hər zaman yüksək qiymətləndirməkdə də haqlı olduğu zərrə qədər şübhə doğurmur. Tam cəsarətlə deyə bilərik ki, Azərbaycan dini və milli tolerantlıqda dünya dövlətlərinə uğurlu model, örnək, nümunə hesab olunur, çünki, Azərbaycanda hər zaman bütün dinlərə hörmətlə yanaşılıb, indi də bu ənənə uğurla davam etdirilir və tolerantlıq bəşəri dəyər hesab edilir.
Müəllif: İnam Hacıyev
6.3.15. “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.