“Mərakeş-Azərbaycan münasibətlərinin tarixi və çağırışları”

12 Oktyabr 2024 18:06 (UTC+04:00)

Rabat şəhərində “Mərakeş-Azərbaycan münasibətlərinin tarixi və çağırışları” mövzusunda simpozium keçirilib. Tədbir Azərbaycanın Mərakeşdəki səfirliyi, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin və Rabatdakı V Məhəmməd Universitetinin təşkilatçılığı ilə reallaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, simpoziumda Mərakeş və Azərbaycanın diplomatiya, iqtisadiyyat və maliyyə sahələrindəki əməkdaşlığı üzrə təqdimatlar edilib.

Tədbirdə çıxış edən Zöhr Universitetinin araşdırmaçısı və müəllimi Jasim Salah diqqətə çatdırıb ki, Mərakeş-Azərbaycan münasibətləri viza rejiminin aradan qaldırılması ilə yeni mərhələyə yüksəlib. Bu, iqtisadi münasibətlərin inkişafı üçün də şərait yaradıb.

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov bildirib ki, iki ölkə arasında turizm əlaqələrini daha da genişləndirmək üçün hazırda bir neçə layihə hazırlanır: “Həmin layihələr sayəsində birbaşa uçuşlar təşkil olunacaq. Bu isə öz növbəsində iqtisadi əməkdaşlıq və ticarət əlaqələrini daha da inkişaf etdirəcək”.

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqiri iki ölkə arasındakı tarixi əlaqələrdən bəhs edib. O bildirib ki, mədəni münasibətlərin inkişafı nəticəsində qarşılıqlı görüşlər daha da intensivləşib.

Tədbirdə Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı təqdimat da keçirilib.