NATO Rusiya ilə bağlı yeni strategiya hazırlamağı planlaşdırır

12 Oktyabr 2024 00:34 (UTC+04:00)

Şimali Atlantika Alyansı Rusiyaya qarşı yeni strategiyanı müzakirə etməyə başladı. NATO müdafiə nazirləri gələn həftə ilk dəfə bu məsələni müzakirə edəcəklər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr xatırladır ki, Rusiya ilə NATO arasında münasibətlər Moskvanın Gürcüstan və Ukraynaya təcavüzü fonunda xeyli pisləşib. Lakin Alyans, buna baxmayaraq, Rusiya Federasiyası ilə 1997-ci ildə imzalanmış qarşılıqlı münasibətlər, əməkdaşlıq və təhlükəsizlik haqqında fundamental akta sadiq qalmaqda davam edir. Bu sənəddə NATO və Rusiya Federasiyası “sabit, dinc və bölünməz Avropa qurmaq” kimi ümumi məqsədi tanıyır.

Eyni zamanda, Rusiya-NATO Şurası 2022-ci ildən keçirilmir. Belə bir qurum Soyuq Müharibədən sonra təhlükəsizlik tərəfdaşlığı və birgə layihələr üçün yaradılmışdır.

…NATO indi strategiyanın müxtəlif elementlərini (Rusiya ilə bağlı – red.) müəyyən etməyə və Alyans daxilində müzakirələri irəli aparmağa çalışır ki, bu da bizi NATO-Rusiya Təsis Aktının gələcəyi kimi məsələlərə aparacaq.

Nəşr bunu ABŞ hökumətinin yüksək rütbəli rəsmisinin bəyanatından sitat kimi gətirir.

…O, aydınlaşdırıb ki, indi Alyansın müttəfiqlərinin konkret mövqelərini nəzərə alacaq “yeni strategiyanın hazırlanmasının vaxtı çatıb”.

Rəsmiyə görə, Təsis Aktı və NATO-Rusiya Şurası NATO-Rusiya münasibətlərində “fərqli dövr üçün yaradılıb”.

Nəşr aydınlaşdırır ki, yeni strategiya ilə bağlı müzakirələr bir neçə aydır ki, davam edir. Amma gələn həftə bu mövzu ilk dəfə NATO-ya üzv ölkələrin müdafiə nazirləri səviyyəsində müzakirə olunacaq. Razılaşmalara əsasən, belə bir strategiya 2025-ci ilin iyununda Haaqada keçiriləcək Alyansın növbəti sammitinə qədər hazırlanmalıdır.

...Yeri gəlmişkən, sızan bəzi məlumatlara görə, Alyansın bəzi üzvləri çox aqressiv yeni strategiyanın Rusiyada sabitliyi pozacaq “siqnal” ola biləcəyindən ehtiyat edirlər.

Əli Babayev