Oktyabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda IV beynəlxalq elmi konfrans işə başlayıb. Konfrans “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, ADPU-dan bildirilib ki, rəsmi hissə, bədii proqram və üç paneldən ibarət olan, iki gün davam etməsi planlaşdırılan konfrans çox sayda yerli və xarici təhsil müəssisələrinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Rəsmi açılış mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, Bişkek Musiqi Pedaqoji İnstitutunun (Qırğızıstan) professoru Ulanbek Mambetakunov, Stavropol Dövlət Pedaqoji İnstitutunun Yessentuki filialının (Rusiya Federasiyası) dosenti Marina Çotçayeva, Pəncab Universitetinin (Pakistan) professoru Safdar Ali Şirazi və başqaları iştirak ediblər.
Məlumat verilib ki, konfransa ümumilikdə 74 məqalə təqdim olunub. Onlardan 54-ü Təşkilat Komitəsinin redaksiya heyəti tərəfindən təsdiqlənib. Məqalələrin qəbulu 2024-cü il noyabrın 12-dək davam edəcək. Məqalələrdə qlobal məkanda aktual olan beynəlxalq problemlərə toxunulur.
Ümumilikdə konfransın təşkilinə 7 ölkədən 12 ali məktəb dəstək verib.
Qeyd edək ki, konfrans çərçivəsində filialda Vətən müharibəsi şəhidi, kapitan Aqil Məlikovun adını daşıyan auditoriyanın da açılışı olub.