Qusar Rayon Polis Şöbəsinin təşəbbüsü ilə rayonun Hil kənd tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir”, eləcə də “Erkən nikah və onun fəsadları” mövzularında tədbir keçirilib. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şagirdlərlə görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev narkomaniyanın cəmiyyət üçün böyük bəlaya çevrildiyini bildirib, bu problemə qarşı hüquq-mühafizə orqanlarının apardığı mübarizə tədbirlərindən danışıb, bu yöndə gənclərin maariflənməsinin vacibliyini vurğulayıb.
A.Əfəndiyev erkən nikahın səbəb olduğu problemlərdən də söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. O qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.