Son günlərdə ölkədaxili göndərişlərin alıcıya çatdırılması ilə bağlı redaksiyaya şikayətlər daxil olub. Belə ki, poçt vasitəsilə göndərilən bağlamaların bir aydan çox vaxtda alıcıya çatdırılması ilə bağlı vətəndaşlar narazıdır.
Maraqlıdır, ölkələdaxili göndərişlərin alıcıya çatdırılması niyə bu qədər gecikir?
Məsələ ilə bağlı Azərpoçt MMC-yə müraciət etdik.
Qurumun mətbuat xidmətindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkədaxili göndərişlərin alıcıya çatdırılması 3-4 gün ərzində başa çatır. Amma qeyd olunmalıdır ki, bəzən narazılığın yaranması poçt göndərişinin çatma müddəti ilə deyil, məhz müştərinin gözləntisi ilə bağlıdır. Daha dəqiq desək, müştərilər, adətən, ölkədaxili bağlamanın 1-2 günə çatdırılmasını gözləyir və bu müddətdə bağlama çatmadıqda bunu gecikmə hesab edirlər.
“Azərpoçt” MMC bütün fəaliyyətini Ümumdünya Poçt İttifaqının normativ aktlarına və qaydalarına uyğun olaraq qurur, eləcə də iş prosesini poçt işinin təşkili qaydaları əsasında icra edir. Belə ki, vətəndaşlardan təhvil alınan poçt göndərişləri əvvəlcə Bakı şəhərində yerləşən Poçt Daşıma Mərkəzinə (PDM) göndərilir. Poçt göndərişlərininçeşidləmə mərkəzi hesab olunan PDM-də regionlar və istiqamətlər üzrə bağlamalar və məktublar çeşidlənib, yenidən kisələr şəklində qablaşdırıldıqdan sonra ölkə üzrə marşrutların müəyyənləşdirilməsi və aidiyyəti üzrə göndərilməsi həyata keçirilir. Bununla da ölkədaxili bir poçt göndərişinin göndəricidən alıcıya qədər çatdırılma müddəti, adətən, 3-4 gün çəkir. Bu iş axışı həm paytaxtdaxili, həm də ölkədaxili bütün göndərişlərə aiddir. Lakin vətəndaşın gözləntisi isə belədir ki, misal üçün, Bakı şəhəri daxilində göndəriş şəhəriçi olduğu üçün bir günə çatdırılmalıdır, bu gözlənti ilə real iş prosesi üst-üstə düşmədiyinə görə müştəridə “gecikmə” təəssüratıformalaşır.
Yuxarıda qeyd olunanları Naxçıvan Muxtar Respublikasına (NMR) göndərilən poçt göndərişlərinə də şamil etmək olar. Onu da qeyd edək ki, “Azərpoçt” MMC poçt göndərişlərinin yalnız NMR-yə çatdırılmasını təmin edir, belə ki, NMR daxilində “Azərpoçt” fəaliyyət göstərmir.
Müştərilər tərəfindən gecikmə halı ilə bağlı hər sorğunu araşdırmağa hazır olduğumuzu və onların məmnuniyyəti üçün çalışdığımızı bildirmək istəyir, ehtiyac olduqda isə “Azərpoçt”un rəsmi sosial şəbəkə hesabları və “169” Çağrı mərkəzi ilə əlaqə saxlamalarını xahiş edirik- deyə, bildirilib.